15 may 2009
Şərqşünaslıq İnstitutunun xarici elmi əlaqələri genişlənir


Azərbaycanın tarixinin, mədəniyyətinin ölkəmizin hüdudundan kənarda bir sıra ölkədə tədqiqatçıların diqqət mərkəzində olmasına aid çoxsaylı faktlar gətirmək olar. Son zamanlar 19-cu əsrdə Azərbaycanda təhsil məsələləri amerikalı tədqiqatçı Eymi Dobbsun maraq dairəsinə düşüb. Bu, sadəcə maraq deyil. E.Dobbs aspirantı olduğu İndiana Universitetinin tarix fakultəsində bu mövzuda doktorluq dissertasiyası üzərində işləyir. Bu mövzu ilə bağlı geniş məlumat toplamaq üçün o, Azərbaycana birillik ezam olunub. Amerikalı «Fulbright Hays» proqramı xəttilə AMEA Şərqşünaslıq İnstitutuna göndərilib. Fevralın 4-dən Bakıda olan Eymi Dobbs, bu ilin sonunadək şəhərimizin kitabxanalarında mövzusu ilə bağlı axtarışlarını davam etdirəcək.
E.Dobbs məhz Azərbaycanla bağlı tədqiqatlara maraq göstərməsini belə açıqlayıb:
- Mən koloniyaçılıq, imperializm məsələləri ilə maraqlanırdım. İlk öncə diqqətimi Hindistanın Britaniyanın koloniyasında olmasına yönəltmişdim. Daha sonra Rusiyanın imperialist siyasətilə maraqlandım. 1993-94-cü ildə Rusiyada 8 ay olmuşam. Burada rus dilini öyrənir, eyni zamanda ali məktəb tələbələrinə ingilis danışıq dilindən dərs deyirdim. 2004-cü ildə isə 1 il ərzində Türkiyədə yaşadım. Bu dili öyrəndiyimdən tədqiqatı da vaxtilə Rusiyanın tabeliyində olmuş türkdilli dövlətlərə yönəltməyə qərar verdim. Türk dilinə Azərbaycan dili daha yaxın olduğundan seçimimi də məhz sizin ölkəniz üzərində saxladım və burada 19-cu əsrin təhsil məsələlərinin özəlliklərini araşdırmağa başladım.
- İlk araşdırmalarınızı Amerikada ikən aparmısınız?
- Bəli. Lakin orada Azərbaycanla bağlı mənbələr çox azdır. Ölkənizlə bağlı yalnız bir neçə kitab və qəzet nümunələri əldə edə bilmişdim. Tədqiqatımı daha dərindən aparmaq üçün Azərbaycana gəlməyimə zərurət var idi.
- Ötən 3 ay ərzində Bakıda tədqiqatınızla bağlı hansı işlər görmüsünüz?
- Əsasən bir sıra dissertasiyaları, tədqiqatıma aid dövrün qəzetlərini araşdırmışam. 500-ə qədər ədəbiyyat siyahısı toplamışam. Bu kitabların çox az bir qismi ilə tanış olmuşam. Lakin Bakıda olacaqım qalan müddətdə daha çox mənbə ilə tanış olacağam, çatdırmadıqlarımın da fotosürətini götürməyə çalışacağam.
- 19-cu əsr Azərbaycanında təhsilin hansı özəllikləri diqqətinizi cəlb edib?
- Mənim Rusiyada Kazan şəhərində təhsil məsələləri ilə bağlı ətraflı məlumatım var. Sizdə bu məsələlər tək Qərblə deyil, elə digər müsəlman xalqlarında olandan da fərqli olub. Burada təhsil digər müsəlman ölkələri ilə müqayisədə daha çox inkişaf etmişdi. Məni maraqlandıran yerli ziyalıların və çar hökuməti məmurlarının Qafqazda müsəlman əhalisinin maariflənməsi yönümündə nələr etməsi, necə dil tapmalarıdır.
- Bakı haqqında təəssüratlarınız necədir?
- Gözəl şəhəriniz var. Bu, mənim ilk səfərim deyil. 2006-cı ildə də Bakıda olmuşam. Buranın çox mehriban və qayğıkeş insanları var. Tədqiqatımla bağlı lazımi mənbələri tapmaqda, işimi istiqamətləndirməkdə mənə sizin alimləriniz çox köməklik göstəriblər, dəstək olublar. Şərqşünaslıq İnstitutunun əməkdaşları mənə çox kömək ediblər. İnstitutun rəhbərliyi elmi araşdırma aparmaq üçün mənə hərtərəfli şərait yaradıb. Araşdırmalarımı başa çatdırıb doktorluq dissertasiyamı müdafiə etdikdən sonra yenidən Azərbaycana gələcəyəm.

                                                        Vüqar Məmmədov,
                                                        Filologiya elmləri namizədi