Xətib Təbrizi Şərqşünaslıq İnstitutunda anıldı

 

11-ci əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan alimi Xətib Təbrizinin vəfatından 900 il ötür. Noyabrın 6-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük alimə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun «Ərəb filologiyası» şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov Xətib Təbrizinin ərəb dilində zəngin irs qoyduğunu qeyd edərək, onun şərhçilik fəaliyyətindən söz açdı, ədəbiyyatşünaslığa və dilçiliyə dair əsərlərindən danışdı.
Xarici işlər Nazirliyinin əməkdaşı, filologiya elmləri doktoru, professor Qaley Allahverdiyev Xətib Təbrizinin ədəbiyyatşünaslığa gətirdiyi yeniliklərdən daşındı və alimin bu irsini öyrənməyə böyük ehtiyac olduğunu qeyd etdi. Xətib Təbrizi ilə bağlı bir sıra əsərlərin müəllifi olan Q.Allahverdiyev bu sahədə 3 əsər yazmış mərhum alim Malik Mahmudovun Xətibşünaslığa verdiyi böyük töhfələrdən söz açdı. O, Xətib Təbrizinin ədəbiyyatşünaslıq elmimizin banilərindən biri olduğunu və 30-dan çox əsərin müəllifi olduğunu qeyd etməklə yanaşı, bədii yaradıcılığının xüsusiyyətlərinə də nəzər saldı.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun «Qədim ədəbiyyat» şöbəsinin müdiri, filologiya eldmləri doktoru İmamverdi Həmidov çıxışında Xətib Təbrizinin şərhlərindən geniş danışdı. O, böyük alimin ədəbiyyatla bağlı məsələlərin şərhləri ilə bu sahədə yeni istiqamət açdığını vurğuladı.
Sonda bir daha çıxış edən f.e.d. Vilayət Cəfərov 2030-cu ildə Xətib Təbrizinin anadan olmasının 1000 illiyinin qeyd ediləcəyini yada saldı və gənc tədqiqatçılara bu sahədə tədqiqatlara başlayaraq, görkəmli alimin elmi əsərləri ilə bağlı yeni fundamental əsərlər yazmağı tövsiyə etdi.