“Türk və dünya mədəniyyətində İstambul”
VII Beynəlxalq Türk mədəniyyəti qurultayı

2009-cu il oktyabrın 5-dən 10-na qədər Türkiyənin paytaxtı Ankara şəhərində dörd ildən bir keçirilən VII Beynəlxalq Türk mədəniyyəti qurultayı “Türk və dünya mədəniyyətində İstanbul” başlığı və Türkiyə Cumhuriyyətinin prezidenti Cənab Abdullah Gülün yüksək himayəsi altında keçirilirdi. Bu qurultay Atatürk Kültür (Mədəniyyət), Dil və Tarix Yüksək Qurumu Atatürk Kültür Mərkəzi tərəfindən təşkil edilmişdir.
Açılış mərasimi ənənəvi olaraq sayğı duruşu və İstiqlal marşı ilə başladı. Daha sonra İstambul haqqında sənədli film nümayiş etdirildi.
Atatürk Kültür Mərkəzinin rəhbəri prof. Osman Horata qurultayın açılışını elan etdikdən sonra Atatürk Kültür (Mədəniyyət), Dil və Tarix Yüksək Qurumunun rəhbəri prof. Bahaeddin Yediyıldız və nazir Mehmet Aydın çıxış etdilər. Açılış nitqini isə prof. Xəlil İnalcık etdi.  
AKM xidmət mükafatları təqdim edildikdən sonra çalğı alətlərinin müşayəti ilə Türk musiqisindən nümunələr səslənildi.
İclasdan sonra nazir “Planlar və xəritələrdə İstanbul (1883-1920)” sərgisini Rəsm Heykəl Muzeyində açdı.
Nahardan sonra isə açılış toplantısında prof. İskəndər Pala, Mustafa Armağan, Bəşir Ayvazoğlu, dosent Haluk Dursun “Yazarların İstambulu” paneli ilə çıxış etdilər.
AKM tərəfindən təşkil olunan bu qurultaya bu il 36 fərqli ölkədən 382 tədqiqatçı qatılmışdır: ABŞ, Azərbaycan, Qazaxıstan, Fransa, Rumıniya, Özbəkistan, Almaniya, Hindistan, Makedoniya, Türkmənistan, İraq, Bolqarıstan, Polşa, Kosova, Gürcüstan, Şimali Kipr Türk Respublikası, Ukrayna, Misir, Avstraliya, Litva, Estoniya, Yunanıstan və digərlərindən çox sayıda elm adamları iştirak edirdi. 
26 illik Atatürk Kültür Mərkəzinin təşkil etdiyi bu yeddinci qurultay, İstambulun 2010-cu il Avropa mədəniyyət mərkəzi elan olunması səbəbi ilə, bu tarixi şəhərin türk və dünya mədəniyyətindəki yerinə həsr olunmuşdur.
Hər gün nəşr olunan qurultayın qəzetində iştirakçıların gündəlik təəsuratları dərc olunurdu.
Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Kültür Mərkəzi tərəfindən təşkil olunan VII Beynəlxalq Qurultay ilk gecə dəyərli sənətçi Yıldız Kəntər və prof. Tələt Sait Salmanın müşayəti ilə İstambul haqqında sənədli film bütün iştirakçılara təqdim edildi.
Bir axşam valilik tərəfindən iştirakçılar “Göl başı” adlanan yerdə qonaq edildi, yemək verildi. Digər axşam “Gənc Osman” teatrını seyr etmək üçün Böyük Teatra getdik.
“Türk və dünya mədəniyyətində İstanbul” başlığı altında keçirilən VII Beynəlxalq Türk mədəniyyəti qurultayında Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunu f.e.n. Qasımlı Sədaqət və fəls.e.n. Rzayeva Roida təmsil edirdi. Hər ikisi də öz çıxışlarından başqa bölmə toplantılarına sədrlik edirdi.
Mən bundan əvvəlki VI Beynəlxalq Türk Mədəniyyəti Qurultayında da iştirak etmişdim. Yenə də yüksək səviyyədə keçirilən bu qurultay, gözəl çıxışlarla, fikir mübadilələri ilə, xoş təəsuratlarla hafizələrimizdə iz buraxdı və iştirakçılar məmnuniyyətlə gələcək qurultayda görüşmək arzusu ilə ayrıldılar.

Rzayeva Roida Oqtay qızı
fəlsəfə elmləri namizədi

Azərbaycan MEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi
və Gənc alimlər şurasının sədri,
Azərbaycan MEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin
Hümanitar və İctimai Elmlər Bölməsinin rəhbəri