25 may
Çin səfiri Şərqşünaslıq İnstitutunda oldu


Çin Xalq Respublikasınn Azərbaycandakı səfiri  Çjan Yannian mayın 25-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İnstitutun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşən səfir bir müddət Moskvada, Bişkekdə işlədiyini deyərək, indi də təyin olunduğu yeni ölkəni – Azərbaycanı yaxından tanımaq istədiyini bildirib. «Neçə əsrlərdir bizim xalqlarımızı İpək yolu birləşdirir. Tariximizin də bənzər tərəfləri var» deyən səfir, ölkəsinin müstəqilliyinin 60 ildə keçdiyi inkişaf yolundan danışıb. Çjan Yannian Azərbaycanda şərqşünaslıq elminin hazırkı vəziyyəti ilə maraqlanıb.
G.Baxşəliyeva çinli qonağa Azərbaycan şərqşünaslıq elminin ənənələrindən danışıb və bu gün İnstitututda elmi araşdırmaların aparıldığı istiqamətlərdən söz açıb. Səfirə Şərqşünaslıq İnstitutu tərəfindən çap etdirilmiş və Çin Xalq Respublikasına həsr edilmiş kitabı təqdim edən G.Baxşəliyeva, İnstitutda indiyədək əsasən türk, ərəb və İrandilli xalqların tarixinin, ictimai fikrinin, ədəbiyyatının, dilinin tədqiq edildiyini söyləyərək, artıq Uzaq Şərq regionunun da maraq dairəsində olduğunu bildirib. Böyük dövlət olan Çinin tarixinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi üçün kadrların yetişdirilməsinin vacibliyini vurğulayan G.Baxşəliyeva, ikitərəfli əlaqələrin genişlənməsinin bu işə böyük fayda verə biləcəyini qeyd edib.
Səfir ölkəsinin bu əməkdaşlığa hazır olduğunu və azərbaycanlı alimlərin, aspirantların, tələbələrin Çinə qısa və uzunmüddətli ezamiyyətlərin təşkili üçün əlindən gələn köməkliyi göstərəcəyini bildirib.
Görüşün sonunda G.Baxşəliyeva qonağa Azərbaycan şərqşünaslığı ilə daha yaxından tanış olması üçün institutun elmi fəaliyyətini əks etdirən kitabları təqdim edib.