--

-

Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr aşkarlanıb

Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva bunları Dar-ül-Kütubda üzə çıxarıb

Müasir dövrümüzdə ərazi bütövlüyünü qorumaq mübarizəsi aparan xalqımızın haqq səsini bütün dünyaya çatdırmaq, yalan üzərində qurulan erməni təbliğatını ifşa etmək üçün Azərbaycan barəsində həqiqətləri hər kəsə bəyan etmək lazımdır.
Tarixi sənədlər məhz Azərbaycan xalqının əzmkar mübarizəsində haqlı olduğunu açıq-aşkar göstərir. Sadəcə, ermənilərin dünya ictimaiyətininin gözü önünə çəkdiyi qalın yalan pərdəsini yarmaq üçün hər birimiz həqiqətləri üzə çıxarmaq işində əlimizdən gələni əsirgəməməliyik.
Bu sahədə millət vəkili, AMEA akdamik Ziya Bünyadov adına Şərqşünaslıq İsntitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın ötən ay Misirin Dar-ül-Kütub kitabxanasınından əldə edərək gətirdiyi xəritələr böyük əhəmiyyətə malikdir. Həmin kitabxananın kartoqrafiya şöbəsində 15 mindən artıq müxtəlif tarixi xəritə saxlanılır. Misirə qısa səfəri dövründə Gövhər xanım bu xəritələrinin yalnız bir qismi ilə tanış olmaq imkanı əldə edib. Lakin elə bu xəritələr arasından o, Azərbaycan üçün çox dəyərli olan 5 xəritəni üzə çıxararaq həmin xəritələrin şəklini götürüb.
Tarixin müxtəlif dövrlərini əhatə edən, Avropa və Asiya ölkələrində ötən əsrlərdə nəşr edilmiş bu xəritələrlə tanış olarkən Azərbaycanın ərazi bütövlüyünün, Ermənistanın isə indiki ərazisindən çox-çox uzaqlarda, cənubda olmasının Qərb alimlərinə, xəritəşünaslarına açıq-aydın bəlli olduğu təsdiqlənir. Bütün bunlar mənfur qonşularımızın son dövrlərdəki yalançı təbliğatının ifşa edilməsinə yeni bir əsas verir.
Gövhər Baxşəliyeva həmin xəritələrin şəklini Bakıya gətirib və onları dərindən araşdırıb. Gövhər xanımın bu araşdırmalarının nəticəsini ilk öncə Azərbaycan oxucusuna, daha sonra isə əsas məqsədimiz olaraq bütün dünyaya çatdırmaq istəyirik.
Bu xəritələrdən birincisi (şəkil 1a, şəkil 1b) ötən əsrin əvvəllərində Parisin Sent Denis Bulvarı 18-20 ünvanında A.Tarid tərəfindən nəşr edilib. Dəmir yolları və naviqasiya xətlərini göstərmək üçün tərtib olunan bu xəritə Avropa və Asiya ölkələrini əhatə edir. Bu xəritədə Xəzər dənizinin Qərb sahillərində təsvir edilən və Azərbaycan kimi təqdim edilən dövlət ərazisi Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) ilə uyğun, hətta nisbətən geniş verilib. Azərbaycan Milli Ensiklopediyasında təqdim edilən müvafiq xətirədə (səh. 290) mübahisəli ərazi kimi qeyd edilən yerlər də A.Taridin xəritəsində Azərbaycan ərazisi kimi verilib. Dağlıq Qarabağın, o cümlədən Şuşanın bizim olduğunu tədsdiqləyən bu xəritədə Azərbaycan ərazsinə indiki dövlətimizin ərazsindən savayı şimaldan Dərbənd, Qasımkənd və daha yuxarı olan yerlər verilir. Qərbdən sərhəd Göyçə gölündən keçir. Müasir Ermənistanın Mehri, Qafan, Gorus, Sisyan, Vardenis, Krasnoselsk rayonları, Berd rayonunun yarıdan çoxu və s. Azərbaycan ərazisi kimi göstərilir. Bu xəritənin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən tarixi coğrafiyasının öyrənilməsində mühüm əhəmiyyəti var.
Digər bir xəritədə Gülüstan, Türkmənçay müqavilələrindən sonrakı İran ərazisi əks olunub. Fars dilində tərtib olunan bu xəritədə Azərbaycan toponimii Araz çayının sahillərindən ta İraqın sərhədlərinə kimi ərazi üzərində yazılıb. Burada Azərbaycan ərazisində Əhər, Mərənd, Savalan dağı, Urmiya gölü, Marağa, Mahabad, Maku, Xoy, Ərdəbil, Miyanə, Təbriz və digər şəhərlər göstərilir.
Xəritələrdən 3-cüsü (şəkil 3a, şəkil 3b, şəkil 3c) 1785-ci ildə İtaliyanın Venesiya şəhərində tərtib olunub. Böyük İsgəndərin imperiyası adlanan bu xəritə Avropa, Afrika və Asiyanı əhatə edir. Xəritə Antonio Zatta və onun oğlanları tərəfindən İtalyan dilində tərtib edilib. Burada Xəzər dənizinin Qərb sahilində Albaniya ərazisi göstərilir. Ərazinin cənubunda Araz çayı qeyd edilir. Xəritəyə diqqət yetirdikdə dövlət deyil, sadəcə coğrafi ərazi kimi böyük və kiçik Ermənistanın Araz çayından xeyli cənubda Assuriya və Mesopatamiya ilə qonşuluqda verildiyini görmək olar.
Növbəti iki xəritə Niderlandın Amsterdam şəhərində tərtib olunub və Osmanlı imperiyasını əhatə edir. Rəssam Yudukus Hundius tərəfindən tərtib edilən bir xəritə Sultan JJJ Məhmətin dövrünə (1595-1603) aiddir. Digər xəritə isə 1775-ci ildə rəssam Fridrix dö Vid tərəfindən tərtib edilərək çap olunub. Bu xəritələrdə də erməni ərazilərinin indikindən xeyli cənubda olaraq, müasir Ermənistan dövlətinin ərazisinə heç bir aidiyyatının olmaması aşkar görünür. Fridrix dö Vidin xəritəsində Azərbaycan ərazisində Şirvan toponimi qeyd edilir.
Göründüyü kimi, bütün bu xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməklə, erməni uydurmalarını ifşa etməklə yanaşı, bunun Qərbdə və Şərqdə ötən əsrlərdə xəritəşünas alimlər tərəfindən şəksiz qəbul edildiyini tam olaraq sübuta yetirir, tarixi Ermənistan ərazilərininın isə nəinki Dağlıq Qarabağa, heç indiki Ermənistan dövlətinrin özünə də aidiyyatı olmadığını göstərir.
İstər Dar-ül-Kütubda, istərsə də dünyanın digər mötəbər mənbələrində bu həqiqətləri bir daha təsdiqləyə biləcək daha onlarla sənədlər əldə etmək mümkündür. Bütün bunları aşkarlamaq Azərbaycan elminin, dünya ictimaiyyətinə çatdırmaq isə hər bir azərbaycanlının borcudur.

Vüqar MƏMMƏDOV
Filologiya elmləri namizədi