Misir səfiri Şərqşünaslıq İnstitutunda oldu
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Mənsur dekabrın 11-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldu. Səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşdü.
İnstitutun elmi istiqamətləri barədə qonağa məlumat verən G.Baxşəliyeva rəhbərlik etdiyi elm müəssisəsində ərəbşünaslıq sahəsində 40-dan çox alimin fəaliyyət göstərdiyini və ərəb ədəbiyyatını, dilini, tarixini, ictimai fikrini tədqiq etdiyini, islama dair tədqiqatlar apardığını, qədim yazılı mənbələri araşdırdığını qeyd etdi. Tədqiqatlarda Azərbaycan – ərəb elmi, mədəni, ədəbi, tarixi əlaqələrinin öyrənilməsinə xüsusi önəm verildiyini qeyd edən G.Baxşəliyeva bu sahədə görülən işlərdən söz açdı.
Səfir Şərqşünaslıq İnstitutunda ərəbşünaslığa, islamşünaslığa dair tədqiqatların aparılmasından, o cümlədən Misirlə bağlı araşdırmaların aparılmasından məmnunluğunu bildirdi. O, ölkəsində də Azərbaycanla bağlı tədqiqat aparan alimlərin olduğunu qeyd etdi.
Söhbət zamanı hər iki ölkə alimlərinin qarşılıqlı elmi səfərlərinin təşkilinin mühüm əhəmiyyətə malik olması vurğulandı.
Daha sonra Sabir Mənsur Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşdü. Filologiya elmləri doktoru Vilayət Cəfərov, filologiya elmləri namizədləri Laura Orucova, Əfsanə Məmmədova, tarix elmləri namizədləri Esmeralda Ağayeva və Əmmar Abbasov institutda ərəb ədəbiyyatı, dili, tarixi ilə bağlı, eləcə də islamşünaslıq, mənbəşünaslıq sahələrində aparılan tədqiqatlar barədə səfirə ətraflı məlumat verdilər.