Şərqşünaslıq İnstitutunda “Ş.M.Xiyabani hərəkatı-90” adlı konfrans keçirildi
Azərbaycan xalqının böyük ruhani-inqilabçı-demokrat oğlu Şeyx Məhəmməd Xiyabaninin adı ilə bağlı olan “Xiyabani Hərəkatı”nın 90 illiyi tamamdır. Bu münasibətlə iyunun 9-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şeyx Məhəmməd Xiyabani hərəkatı-90” mövzusunda elmi konfrans keçirildi.
Konfransı açan institutun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında baş vermiş xalq hərəkatından, Azərbaycan Demokratik Partiyası və partiyada Xiyabaninin fəaliyyətindən, onun məqsəd və hədəfindən söhbət açdıqdan sonra Xiyabani şəxsiyyətinin ruhaniliklə yanaşı inqilabi-demokratik, böyük, mütəfəkkir və vətənpərvər cəhətləri üzərində dayandı və bu keyfiyyətlərin hərəkatın baş verməsinə və gedişinə göstərdiyi təsiri şərh etdi.
“Xiyabani hərəkatı tariximizin azadlıq və qurtuluş uğrunda apardığı mübarizənin şanlı və şərəfli səhifələrindən biridir. Bu hərəkatın bütün çalarlarını tədqiq edib öyrənmək və bunları sonrakı nəsillərə çatdırmaq bizim vətəndaşlıq borcumuz və vəzifəmizdir” – deyən Gövhər xanım, institutun İran və Cənubi Azərbaycan şöbələrində çalışan alimlərin Xiyabani irsini və onun adı ilə bağlı hərəkatı yeni şəraitdə daha ətraflı və dərindən öyrənəcəyini söylədi. Xiyabani hərəkatının tariximizin unudulmaz və həmışə yadda qalan səhifələrindən olduğunu deyən G.Baxşəliyeva, ulu öndər Heydər Əliyevin çox dəyərlı bir fikrini xatırlatdı: “Xalqın hər bir günü tarixdə öz yerini tutmalıdır. Tariximizin hər bir nöqtəsi, hər bir günü bizim üçün əzizdir”.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri namizədi Əkrəm Rəhimli «Şeyx Məhəmməd Xiyabani hərəkatı və onun Güney Azərbaycanın azadlıq hərəkatında yeri» mövzusunda məruzə etdi. Tarixə «Xiyabani hərəkatı» adı ilə daxil olan Güney Azərbaycandakı xalq hərəkatının başçısı - Azərbaycan xalqının ruhani, inqilabçı-demokrat oğlu Şeyx Məhəmməd Xiyabaninin fəaliyyətindən söz açan Ə.Rəhimli onun həyat və mübarizə yolunu 3 dövrə ayırıb danışdı: 1879-1905-ci illəri əhatə edən uşaqlıq və gənclk illəri; Məşrutə inqilabı və məşrutəçi rəhbərlərin Xiyabaninin həyatında və mübarizəsində yeni bir mərhələ açdığı 1905-1911-ci illər; Məşrutə hərəkatının yatırılması, Səttarxana və onun silahdaşlarına qarşı təqiblərin başlanması, ölkədə cəza maşının işə düşməsinin minlərlə azadlıq mücahidi kimi Ş.M.Xiyabanini də mühacirətə və gizli fəaliyyətə keçməyə məcbur etdiyi dövr - 1911-1920-ci illər.
Xiyabaninin mübarizə əzmini məruzəçi belə xarakterizə etdi: «O, ruhani bir şeyx olaraq mübarizə meydanına atılır, inqilab əsgəri kimi ələ silah alıb məşrutəçilərin səngərində vuruşur, alovlu nitqləri ilə inqilab mücahidlərini qələbəyə ruhlandırmaqda tarixi xidmət göstərirdi. O, Səttarxanın qəhrəmanlığına, dönməzliyinə və kütləni mübarizəyə qaldırmaq bacarığına böyük qiymət vermişdir. Xalq tərəfindən Təbriz Əncüməninə, sonra isə, İran Şura Məclisinə vəkil seçilən Xiyabani məntiqi və alovlu nitqləri ilə şahlıq rejimini, ona xidmət göstərən irticaçı qüvvələrin yaramazlıqlarını, ölkənin mənafeyinə düşmən mövqelərini xitabət kürsülərindən cəsarətlə ifşa etmişdi».
«Ucdan tutma qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatını və azadlıq tələblərini məhv edə bilməyəcəkdir» deyən Xiyabaninin və silahdaşlarının Vətən torpağına səpdikləri azadlıq toxumlarının çürüyüb məhv olmadığını deyən Ə.Rəhimli zaman-zaman bu toxumların cücərib milləti azadlığın işıqlı sabahına doğru mübarizəyə ruhlandırdığını söyləyərək, Ş.M.Xiyabaninin son çıxışlarının birində dediyi fikri xatırlatdı: «Haqqa xidmət etmək istəyən bir qüvvə daha güclü düşmənlərin müqabilində məğlub olsa belə, o yenə bir gün dirçəlməyə və ölməz səsini qulaqlara çatdırmağa müvəffəq olacaqdır. Ey ölməz Azərbaycan, başını uca tut, yaşa və əbədi var ol!»
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Vüqar Əhmədin məruzəsinin mövzusu “Ş.M.Xiyabaninin dini-fəlsəfi görüşləri” idi. Xiyabaninin öz fəlsəfi görüşlərini Qurani-Kərimdən aldığı elmi fəhm əsasında müəyyənləşdirdiyini söyləyən məruzəçı, onun demokratiyanı, azadlığı islamı dəyərlərdən kənar təsəvvür etmədiyini qeyd etdi. V.Əhməd Xiyabaninin ictimai və siyasi baxışlarını fəlsəfə əsasında irəlı sürdüyünü, bütün çıxışlarında hadisələri bir siyasətçi kimi deyil, bir filosof kimi təhlil etdiyini dedi.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmovanın “Ş.M.Xiyabani hərəkatı və Komintern” mövzusunda məruzə söylədi. Komunist internasionalının Cənubi Azərbaycanda Xiyabanıinin başçılıq etdiyi milli azadlıq hərəkatına münasibətindən söz açan məruzəçi Kominternin bu hərəkatı görmədiyini, daha çox ruslarla əməkdaşlıq edən Mirzə Kiçik Xana diqqət yetirdiyini söylədi. Xiyabani də heç bir kömək istəmədən özünü müstəqil aparsa da, bunun da sonu faciə ilə qurtarır. Məruzədə bütün bunların səbəbləri açıqlandı.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru İslam Qəribli “Ş.M.Xiyabani hərəkatı və Güney Azərbaycandakı ədəbi mühit” mövzusunda məruzə etdi. “XX əsrin ilk onilliklərinin ədəbiyyatında özünü göstərən ən ümdə keyfiyyətlərdən biri qələm sahiblərinin bir çoxunun eyni zamanda əldə silah daxili və xarici irticaya qarşı döyüş meydına atılması ilə müşahidə olunurdu ki, bu da ədəbiyyata döyüşkən ruh, mübarizə əzmi gətitir, bədii sözün kəsərini daha da artırırdı” – deyən məruzəçi həmin dövrün tanınmış yazarlarının, o cümlədən Mahmud Mirzə Qəni oğlu Qənizadə, Nimtac xanım Səlması, Mirzə Əli Şəbüstəri Möcüz, Mirzə Eşqi, İrəc Mirzə, Pərvin Etisami və başqalarının yaradıcılığına toxundu.
Şərqşünaslıq İnstitutunun əməkdaşı Cəmalə Mirzəyevanın məruzəsi “Təcədüd” qəzeti Xiyabani hərəkatının ideoloji silahı kimi” adlanırdı. Xiyabaninin 1917-ci ilin 9 aprelindən 1920-ci ilin 8 sentyabrına qədər nəşr etdirdiyi “Təcəddüd” qəzetindən söz açan məruzəçi bu dövr ərzində qəzetin 202 sayının işıq üzü gördüyünü qeyd etdi.
“Xiyabani öz həmfikirləri ilə birlikdə xalqı mübarizəyə səsləyən, onu səfərbər edən, milli oyanışı sürətləndirən mətbuat orqanının nəşrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu anlamışdı” deyən C.Mirzəyeva “Təcəddüd” qəzetinin ilk gündən partiyanın, demokratik hərəkatın və nəhayət demokratlar tərəfindən yaradılmış hökumətin əsas ideoloji cəhətlərini işıqlandıran bir orqan olduğunu qeyd etdi.
Şərqşünaslıq İnstitutunun əməkdaşı Sübhan Talıblının “Ş.M.Xiyabani hərəkatı Azərbaycan tarixşünaslığında” mövzusunda məruzə etdi. Məruzəçi çıxışında bu mövzuda yazılan, səhifələrində Xiyabani hərərkatına geniş yer ayrılan elmi kitablardan, məqalələrdən söz aşdı. S.Talıblı məşhur jurnalist, inqilabçı demokrat Qulam Məmmədlinin “Xiyabani (Azərbaycan xalqının milli azadlıq mübarizəsi)”, tarix elmləri doktoru Şövkət Tağıyevanın “1920-ci il Təbriz üsyanı” və rus dilində çap olunmuş “İran Azərbaycanında milli azadlıq hərəkatı”, filologiya elmləri doktoru Vüqar Əhmədin “Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti” kitabları haqında daha geniş söz açdı.
Tədbir iştirakçılarına Şeyx Məhəmməd Xiyabani ilə bağlı kitabların sərgisi təqdim olundu.
1920-ci ilin aprelində başlayıb həmin ilin sentyabrında məğlub edilməsinə baxmayaraq, Xiyabani hərəkatı Güney Azərbaycanda milli-azadlıq hərəkatının və demokratik mübarizənin gələcəyi üçün şanlı iz və ibrət dərsləri qoyub getmişdi. Gələcək nəsillər bu hərəkatı öyrənməkdə və ondan örnək almaqdadırlar. Şərqşünaslıq İnstitutunda keçirilən konfrans da Xiyabani hərəkatının xalqın yaddaşında yaşadığını və alimlərin diqqətində olduğunu göstərən bir tədbir oldu.
Vüqar Məmmədov,
Filologiya elmləri namizədi