Şərqşünaslıq İnstitutu Şəhriyarın 105 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirdi
Dekabrın 7-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələrindən olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 105 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. “Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr” mövzusunda konfransın işində Azərbaycan alimləri ilə yanaşı, İran və İraqdan olan tədqiqatçılar da iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva konfrans iştirakçılarını salamlayaraq, konfransın Azərbaycan və bütövlükdə Şərq poeziyasının ən nəhəng simalarından biri, qüdrətli söz ustadı Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 105 illiyinə həsr olunduğunu qeyd etdi: “Şəhriyarın poeziyası dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynasıdır. Onun ölməz irsi nəinki Şərq, ümumən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanmışdır. Onun şeirləri bir çox dillərə tərcümə olunaraq, insanların ruhunu oxşamışdır”.
Gövhər xanım nitqində ulu öndərimiz Heydər Əliyev müsahibələrinin birində: "Sevdiyiniz şair?" - sualına – “Şəhriyar», - deyə cavab verməsini xatırlatdı və Şəhriyar poeziyasını bu qədər insanlara sevdirən, onu populyarlaşdıran, dillərdə əzbər edən, çox sevilən mahnıların sözlərinə çevirən səbəbləri açıqladı: “Bu, ilk növbədə, Şəhriyar şeirinin fikir zənginliyi, bədii saflığı və səmimiyyətidir. Ümumbəşəri ideyaları yorulmadan tərənnüm edən şair insanları sülhə, bərabərliyə, xeyirxahlığa, mənəvi təmizliyə çağırır. Şəhriyar yaradıcılığında ümumbəşərilik, humanizm, insana böyük məhəbbət geniş əks olunmuşdur”.
G.Baxşəliyeva insanpərvərlik, vətənpərvərlik və xəlqiliyin Şəhriyar yaradıcılığının ana xəttini təşkil etdiyinin qeyd edərək, Şəhriyar poeziyasının sənətkarlıq baxımından da yüksələn xətlə inkişaf etdiyini və biz azərbaycanlılara şairi xüsusi sevdirən onun anadilli poeziyasına hopmuş milli ruhun poetik ifadəsinin olduğunu söylədi: “Milli ruh şairin anadilli poeziyasının həm ideya-məzmun, həm də bədii-estetik xüsusiyyətlərində parlaq əksini tapıb. Şair ən ülvi insani duyğuları tərənnüm edərək oxucusunu mənəvi yüksəkliklərə səsləyir. Şəhriyarın şeir dili - sadəliyi, ilkinliyi ilə qəlbləri fəth edir”.
G.Baxşəliyeva indiyədək Şəhriyar yaradıcılığını tədqiq etmiş alimləri xatırladaraq söylədi: “İnanırıq ki, bu işlər yenə də davam etdiriləcək. Böyük öndər Heydər Əliyevin dediyi kimi: "Dahi sənətkarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq və tədris edilməsi sənət və elm xadimlərimizin müqəddəs borcudur".
Daha sonra məruzələrə başlanıldı. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Nüşabə Araslı “Şəhriyar və klassik Şərq şeiri” mövzusunda məruzə etdi. N.Araslı məruzəsində klassik şeirin əksər janrlarında öz qələmini uğurla sınamış şairin yaradıcılığını klassik irslə birləşdirən məqamlara toxundu: “Şəhriyar yaradıcılığında öz əksini qabarıq tapan Vətən məhəbbəti, Şərq xalqlarının qədim və şərəfli tarixinə həssas münasibət, mədəni irsə qayğı, insan ləyaqəti, mənəvi ucalıq şairin klassik irsdən alaraq zamanın ədəbi - bədii istəyinə uyğun bir tərzdə davam etdirdiyi mövzulardır. Şəhriyar şeirinin elmi-fəlsəfi tutumu, bəşəri səciyyəsi və düşündürücü məzmunu da onu özünəqədərki bədii irslə birləşdirən cəhətlərdir”.
Məruzəçi şairin tez-tez tarixi keçmişə nəzər salaraq Rudəki, Xaqani, Firdovsi, Nizami, Sədi, Rumi, Hafiz və başqa qüdrətli sənətkarların adlarını dərin ehtiramla çəkməsini, onlara həsr etdiyi ayrıca şeirlərində, eləcə də ildönümü, bayramlar və başqa əlamətdar hadisələr münasibətilə qələmə aldığı əsərlərdə Şərq şeirinin şöhrətli nümayəndələrini sayğı ilə xatırlamasını qeyd etdi: “Şəhriyar dahi sələflərini sadəcə xatırlamır. O, klassik irsin mahir bilicisi kimi çıxış edərək maraqlı və tədqiqi əhəmiyyətli fikirlər söyləyir. Ədəbi-tədqiqi yazılarında bədii yaradıcılığın nəzəri əsaslarını və klassik sənətkarların sənət yönümünü araşdırıcı həssaslığı ilə aydınlaşdırmağa çalışan şair bədii əsərlərində də klassik Şərq şeirinin zənginliyini, sələflərinin sənət qüdrəti və onların yaradıcılıq simalarını müəyyənləşdirən səciyyəvi cizgiləri ustalıqla oxuculara çatdırır”.
N.Araslı bütün bu söylədiklərini Şəhriyardan gətirdiyi misallarla təsdiqlədi.
Təbrizdən konfransa təşrif buyurmuş araşdırmaçı-yazar Behruz İmaninin məruzəsi ”Heydərbaba” məktəbi və onun dünya ədəbiyyatında yeri” mövzusunda idi. Şəhriyarın şah əsəri “Heydərbaba”nın yüzdən artıq dilə çevrilərək əbədiyyətə qovuşduğunu qeyd edən alim dedi: “Heydərbaba” o qədər adlı-sanlı olmuşdur ki, farslara Şəhriyarı tanıtdıranda, onu “Heydərbaba şairi adlandırdılar. Farslar da belə bir əsəri öz ədəbiyyat dünyalarına gətirməyi arzuladılar. Çoxlu şairlər – farsdilli və türkdilli ədiblər “Heydərbaba”nı farscaya çevirməyə can atdılar. Onlarla fars tərcüməsi meydana gəldi. Ancaq heç biri öz yerini tapa bilmədi. Bu, o deməkdir ki, burada təkcə şairlik deyil, bəlkə dil məsələsi özü böyük və əsas bir amildir”.
B.İmani “Heydərbaba”nın tərcümələrindən bu əsərə ölçü və qəlib baxımından vəfalı olmayıb heca bölgüsü üzrə tərcümə olunmuş, əruz vəznində və qafiyəli olanlara, sərbəst fars şeirinə çevirmələrə aid nümunələri təhlil etdi, dahi şairin bu böyük əsərinin vaxtilə SSRİ-də rus, gürcü, erməni və bir çox başqa dillərdə çap olunduğunu qeyd etdi. İranlı alimin “Heydərbaba”nın ingilis və alman dillərinə tərcümələrindən gətirdiyi nümunələr də tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi “Şəhriyar və XX əsr İran ədəbi mühiti” mövzusunda məruzə etdi. M.Məhəmmədi Şəhriyar poeziyasının XX əsr İran ədəbiyyatının inkişaf xüsusiyyətləri ilə sıx surətdə bağlı olduğunu, klassik irsin yaradıcı şəkildə mənimsənilməsi ilə yanaşı, çağdaş ədəbi proseslə qarşılıqlı əlaqə və təsir zəminində formalaşdığını söylədi: “XX əsr İran ədəbiyyatının inkişafı bütövlükdə «ənənəçilərlə» «yenilikçilərin» qızğın mübahisəsi və kəskin mübarizəsi şəraitində baş vermiş, onun ən intensiv mərhələləri 1920-30-cu və 1960-70-ci illərə, yəni Rza şahın modernləşməyə yönəlmiş sosial-mədəni islahatları və Məhəmmədrza Pəhləvinin «ağ inqilabı» dövrünə təsadüf etmişdir. Bu prosesdə Şəhriyar əlahiddə bir yer tutur”.
M.Məhəmmədi məruzəsində həmin əlahiddəliyin mahiyyəti və səbəblərini açıqlamağa çalışdı:
1) Şəhriyar klassik ənənələri dövrünün yenilikləri ilə uğurla birləşdirməyi bacarmış, ənənə və novatorluq arasında düzgün nisbəti, «etidalı», «qızıl ortanı» tapmağa və yaradıcılığında gerçəkləşdirməyə nail olmuşdur;
2) Şəhriyar nə «yenilikçilər» kimi Avropa şeirinə təqlid edir, nə də «ənənəçilər» kimi onu süngü ilə qarşılayır: şair Şərq bədii təcrübəsini Avropa ədəbiyyatının nailiyyətləri ilə birləşdirmək yolunu tutur;
3) «Heydərbaba»nı yazmaqla Şəhriyar orta əsrlərdən gələn ikidillilik (həm farsca, həm türkcə yazmaq) ənənəsində yeni bir səhifə açır, Pəhləvi rejiminin susdurduğu dilin varlığını bütün əzəməti ilə ortaya qoyur;
4) Şəhriyar, özü demişkən, «nə sol idi, nə sağ», heç bir ideologiyaya, siyasi axına bağlı deyildi, onların fövqündə dayanırdı, ümumbəşəri prinsiplərə söykənirdi. Eyni zamanda irfana inanırdı, nəinki inanırdı, onun ən ali məqamına yüksələ bilmişdi;
5) Şəhriyar yaradıcılığının bütün dövrlərində insanların ürəyindən xəbər verən sözləri qələmə almış və bu üzdən ümumxalq sevgisi ilə əhatə olunmuşdur.
Yaşadığı dövr İran ədəbi mühitində Şəhriyara olan təsirdən və ondan qidalanan ədiblərdən söz açan M.Məhəmmədi, daha çox İranda «yeni şeirin» atası sayılan Nima Yuşic, eləcə də Nadir Nadirpur, Huşəng Ebtehac, Mehdi Əxəvani Salis, Foruğ Fərruxzad, Rəhi Müəyyiri və s. kimi şairlərlə ədəbi əlaqə və münasibətlərindən danışdı.
İrandan Zəncan Universitetinin müəllimi Müctəba Şüai “Şəhriyarın fars divanı haqqında bir neçə söz” mövzusunda məruzəsində qeyd etdi: “Şairin farsca divanı şairin sevilə-sevilə oxunan əsərlərindəndir. Divanda farsdilli şeir ənənələri bariz şəkildə əks olunur. Bununla yanaşı əsər yeni məzmunlar, yeni fikirlərdən xali deyildir. Şəhriyarın şeir tərzi zəngin obraz və ifadə vasitələrinə malikdir. Divanda könülə xoş gələn məcaz, istiarə, rəmz, təşbeh və mübaliğələr öz əksini tapmışdır. Divanda şairin həyatının bəzi səhnələrini seyr etmək olar. Bu səhnələr çox təsirli, səmimi və çox yanğılıdır”.
Divanda öz əksini tapan mövzulardan, üslubi xüsusiyyətlərindən söz açan M.Şüai onun müxtəlif nəşrləri haqqında ətraflı danışdı. Məruzəçi Şəhriyar divanının dili barədə söylədiklərini bu fikirlərlə ümumiləşdirdi: “Divanın dili həm divan şeirinin ənənəvi leksikasını daşıyan bir nəzm nümunəsidir, həm də müasir canlı danışıq dilinə xas olan ibarələr, ifadələrlə cilvələnən, şirinləşən bir bəyandır. Qulamhüseyn Begdeli haqlı olaraq deyir: Şəhriyar şeirində Nizami, Əvhədi, Hafiz, Salman Savəci kimi klassiklərin hünər zirvəsini görmək olar və eyni zamanda Şəhriyar şeirinin yeniliyi, sadə, rəvan və xəlqiliyi ilə həmin klassik nəzm ustadlarından seçilir”.
Konfransda həmçinin Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad “Şəhriyar və Türkiyə”, ADPU-nun professoru, filologiya elmləri doktoru Elman Quliyev “Tarixi proseslərin ədəbi dilə təsiri”, İraqın Kərkük şəhərindən araşdırmaçı-yazar Məhəmməd Mehdi Bayat “Heydərbabaya salam” poemasının İraq türkmanları arasında əks-sədası”, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Əlizadə “Şəhriyar poeziyası tərcümələrdə”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli “Şəhriyar və «Varlıq» dərgisi” mövzularında məruzələrində Şəhriyar poeziyasından söhbət açdılar.
Məruzələrdən sonra tədbirdə iştirak edən Xalq şairi, Şərqşünaslıq İnstitutunun əməkdaşı Söhrab Tahir, İran alimlərindən Əli Haşimi ürək sözlərini söylədilər.
Tədbirin sonunda Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva tədbir iştirakçılarına və konfransın təşkilində əməyi olan hər bir kəsə təşəkkürünü bildirdi, Şərqşünaslıq İnstitutunda çalışmış və Şəhriyar yaradıcılığını tədqiq etmiş görkəmli alimlər Rüstəm Əliyevi, Hökumə Billurini xatırlatdı və yekun nitqini bu sözlərlə tamamladı: “Şəhriyar özünü əbədiyyət gülü, el məşəli adlandırırdı. El məşəli olan Şəhriyar heç zaman sönməyəcək, nə qədər ki, xalqımız var əbədiyyət gülü olan Şəhriyar yaşayacaq, çiçəklənəcək, bar verəcək”.
Vüqar MƏMMƏDOV,
filologiya üzrə fəlsəfə doktoru