_

Şərqşünaslıq İnstitutunda «Heydər Əliyev və Şərq» mövzusunda elmi konfrans keçirildi

Mayın 6-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş «Heydər Əliyev və Şərq» mövzusunda elmi konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva qeyd etdi ki, dövlət quruculuğunun bütün sahələri kimi müstəqil dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulması da Heydər Əliyevin adı ilə bağlıdır: «Qüdrətli dövlətlərin mənafelərinin toqquşduğu mühüm geostrateji mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri ilə böyük dövlətlərin diqqətini çəkən Azərbaycanda bütün bu məsələlərin həlli böyük müdriklik, uzaqgörənlik və polad siyasi iradə tələb edirdi.
İlk günlərdən Heydər Əliyev dövlətin xarici siyasətinin istiqamətlərini, prinsiplərini, xarakterini müəyyənləşdirdi. O, ilk növbədə AXC hakimiyyətinin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa başladı, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifə və prioritetlərini müəyyənləşdirdi: «Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın bütün dövlətlərlə gərək bərabərhüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə də, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəb dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Orta Asiya dövlətləri ilə də, Qazaxıstanla da bərabərhüquqlu əlaqələri olmalıdır».
Heydər Əliyevin müstəqil Azərbaycanın dövlət quruculuğu, xarici və daxili siyasəti haqqındakı fikirləri, ideya və düşüncələri ölkəmizin işıqlı gələcəyinin gerçəkləşməsinə yönəldilmişdi. Şərq müdrikliyini və Qərb praqmatizmini özündə birləşdirən xarici siyasət konsepsiyasını açıqlayan Heydər Əliyev bildirmişdir: «Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqeyini möhkəmlətmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir».
Azərbaycan coğrafi mövqeyinə görə Şərqin və Qərbin arasında yerləşir. Şərq və Qərb arasındakı strateji mövqeyimizdən yararlanan respublika rəhbərliyi öz xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Heydər Əliyevin xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusilə Türkiyə, İran və s. ölkələrlə münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulurdu.
Ölkəmizlə çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələrinə münasibətdə dünya siyasətinin istiqamətlərini və qanunauyğunluqlarını çox gözəl anlayan ulu öndər bu ölkələrlə düzgün münasibətlərin qurulmasına nail olmuşdu. Regionda yerləşən bütün dövlətlərlə yaxın əlaqələr saxlamaq, bu əlaqələri inkişaf etdirib daha da möhkəmləndirmək Azərbaycan üçün çox vacib idi. Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha çox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və s. aiddir. Bu və İslam Konfransı Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmışdır.
Ümumiyyətlə, Heydər Əliyevin Şərq dünyası, eyni zamanda onların rəhbərləri ilə əlaqələri 70-ci illərdən qurulmağa, formalaşmağa başlamış, Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə indiki vəziyyətə - mehriban qonşuluq və bərabərhüquqlu əməkdaşlıq münasibətləri səviyyəsinə çatmışdır.
Heydər Əliyevin 1982-1987-ci illərdə Misirə, Pakistana, İordaniyaya, Suriyaya, İraqa, Yəmənə və başqa ölkələrə səfərləri və islam dünyasının kral Hüseyn, Hafiz Əsəd, Yasir Ərafat və başqa liderləri ilə görüşləri onu dünyada aparıcı siyasətçilərdən biri kimi tanıtdı. O, köhnə əlaqələrini bərpa edərək respublikamızın dünyada öz mövqeyini möhkəmlətməsi üçün yeni münasibətlər yaratdı».
Türkiyə ilə respublikamızın əlaqələrindən danışan Gövhər Baxşəlieva, 1994-cü il fevral ayının 8-11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına dövlət başçısı kimi ilk dəfə rəsmi səfər etdiyini vurğuladı, türk dünyasının problemlərinə də daim diqqət yetirmiş dövlət başçısının hələ bundan öncə 1993-cü ilin 5 iyulunda İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının II forumunun iştirakçılarına etdiyi müraciətində özünün türklük düşüncəsinin əsas aspektlərini açıqladığını xatırlatdı: ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiə olunması, türk dünyasının birliyinə çalışılması və həmin birliyin dünyada harmoniya yaradılmasına xidmət etməsi.
Azərbaycan-İran münasibətlərinin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yüksələn xətlə inkişaf etməyə başladığını qeyd edən G.Baxşəliyeva, Azərbaycan Prezidentinin İranla dostluq, qardaşlıq və əməkdaşlıq prinsiplərinə əsaslanan xarici siyasət konsepsiyamızı müəyyənləşdirdiyini vurğuladı.
Heydər Əliyevin düzgün siyasəti nəticəsində ölkəmiz Xəzər dənizinin statusu ilə əlaqədar müstəqil siyasət apararaq öz sektoruna aid neft yataqlarını işlətdi, eyni zamanda Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişaf edərək İranda yaşayan soydaşlarımızın ictimai şüurunun formalaşmasına təsirinin güclənməsinə nail oldu.
Ərəb dünyasının nəhəngləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, müsəlman dünyasının liderləri olan İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə də qardaşlıq və dostluq əlaqələri qurmaq Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Prezident Heydər Əliyev tərəfindən diqqətə alındı.  Gövhər xanım ulu öndər Heydər Əliyevin bu dövlətlərlə əlaqələrinin qurulması və möhkəmlənməsində xidmətlərindən söz açdı
G.Baxşəliyeva Azərbaycanın müstəqillik qazandıqdan sonra İslam Konfransı Təşkilatına üzv olmasını qeyd edərək, bu təşkilatla əlaqələrin qurulmasında Heydər Əliyevin rolundan, dövlət başçımızın İKT baş katibi ilə görüşlərindən danışdı, 1994-cü ilin dekabr ayında ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İKT-yə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirakını xatırlatdı: “Prezident Heydər Əliyevin gərgin zəhməti və yorulmaz fəaliyyəti nəticəsində ilk vaxtlar İKT Baş Katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında daha kəsərli qətnamələr qəbul etmişdir”.

Ulu öndərin Şərq dövlətləri və beynəlxalq qurumlarla əlaqələrin qurulmasında əvəzsiz rolundan ətraflı danışan Gövhər xanım çıxışını bu sözlərlə ümumiləşdirdi: İslam aləmi problemlərimizlə yaxından tanışdır və bizi dönmədən dəstəkləyir. Bu, ilk növbədə Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş düzgün xarici siyasətimizin nəticəsidir. Məlumdur ki, xarici siyasət daxili siyasətdən doğur və onun məntiqi nəticəsidir. Prezident Heydər Əliyevin Şərq siyasətini, o cümlədən, İKT ilə münasibətdə yeritdiyi siyasəti qısaca da olsa nəzərdən keçirəndə, onun etdiyi səfərləri, reallaşdırdığı görüşləri, verdiyi müsahibələri, bağladığı müqavilələri, müəyyənləşdirdiyi istiqamət və prinsipləri təhlil edəndə bir daha bu qənaətə gəlirik ki, böyük öndərimizin apardığı xarici siyasəti də daxili siyasəti kimi daim bir mərama, bir məqsədə, bir amala xidmət edib – müstəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemlərimizi həll etmək, xalqımızın dünya xalqları birliyində özünəlayiq yer tutmasına nail olmaq.

Daha sonra ümummilli lider Heydər Əliyevin Şərq siyasəti ilə bağlı institut əməkdaşlarının məruzələri dinlənildi. «Heydər Əliyevin xarici siyasətində ərəb ölkələri və İslam Konfransı Təşkilatı» mövzusunda məruzə edən tarix elmləri namizədi İsmayıl Əsədov ulu öndərin hələ sovet dövründə Sov.İKP-nin nümayəndə heyətinin tərkibində ərəb ölkələrinə rəsmi səfərlərdə olduğunu qeyd etdi. Müstəqillik illərində Azərbaycan Prezidenti seçildikdən sonra ümummilli liderin ərəb ölkələri ilə münasibətlərin möhkəm təməlini qoyduğunu söyləyən məruzəçi, dövlət başçısının Səudiyyə Ərəbistanı, Misir, Mərakeş, İordaniya və s. ölkələrə səfərlərini və bu dövlətlərin başçıları ilə səmərəli görüşlərini xatırlatdı. İ.Əsədov ulu öndərin yürütdüyü xarici siyasətin nəticəsində beynəlxalq təşkilatlarda ərəb dövlətlərinin Azərbaycanın mövqeyini dəstəkləməsini, Ermənsitanın işğalçı siyasətinə qarşı bəyanatlar verməsini vurğuladı.
İnstitutunun «Türk filologiyası» şöbəsinin müdiri, filologiya elmləri namizədi Xalidə Quliyeva Qafqazlı «Azərbaycan - Türkiyə» qarşılıqlı əlaqələrinin inkişafında Heydər Əliyev mərhələsi. Türkdilli ölkələrin inteqrasiyası» mövzusunda məruzə etdi. Heydər Əliyevin xarici siyasətində Türkiyənin həmişə ön planda olduğunu vurğulayan məruzəçi, «ulu öndər yürütdüyü xarici siyasətdə Qərblə yanaşı, öz nəzərlərini dil, tarix, din, mədəni baxımdan yaxın olduğu Şərq ölkələrinə yönəldərək, ilk növbədə Azərbaycan xalqının qardaşı, dostu, həm də yaxın qonşusu olan Türkiyə ilə sıx münasibətlər qurmağa çalışmışdır» deyə bildirdi.
Ulu öndərin türkçülük duyğularının gənc yaşlarından oyandığını söyləyən Xalidə xanım, böyük rəhbərin bununla bağlı söylədiklərini tədbir iştirakçılarının nəzərinə çatdırdı: «… burada heç bir qeyri-təbii şey yoxdur, içərimdən, kökümdən, qəlbimdən gələn bir hissiyatdır ki, Türkiyəyə böyük maraqla, heyranlıqla baxıram…»
X.Quliyeva-Qafqazlı Heydər Əliyevin iki ölkə münasibətləri ilə bağlı söylədiyi «Azərbaycan üçün Türkiyədən yaxın dost, qardaş dövlət yoxdur. Türkiyə üçün də bütün ölkələr, xalqlar arasında Azərbaycan qədər dost, qardaş ölkə yoxdur. Bizim dostluğumuz sarsılmazdır, əbədidir və əbədi olacaqdır» fikirlərini xatırladaraq, ulu öndərin türk dünyasının problemləri ilə ardıcıl məşğul olduğunu qeyd etdi.
Tarix elmləri namizədi Sübhan Talıblı «İran İslam Respublikası ilə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı (1993-2003-cü illər)» mövzusunda məruzə etdi. Azərbaycan dövlətinin xarici siyasi fəaliyyətində, iqtisadi, mədəni və digər əlaqələrin inkişafında İran İslam Respublikasının özünəməxsus yer tutduğunu qeyd edən məruzəçi, iki ölkəni birləşdirən müştərək tellərin, din birliyi, adət-ənənələrin oxşarlığının və ən əsası İran ərazisində 30 milyondan artıq soydaşımızın yaşamasının qarşılıqlı münasibətlərdə mühüm rol oynadığını deyərək, ulu öndərin Azərbaycanın İran strategiyasının açıqlamasında dediyi sözləri xatırlatdı: İranla yaxın və bərabərhüquqlu qonşuluq əlaqələrinin yaradılması, mövcud potensiallar çərçivəsində bütün sahələrdə faydalı əməkdaşlığın qurulması günümüzün zərurətlərindəndir. Bizim İranla əbədi qonşuluğumuz və əbədi mənafelərə malik olduğumuzun özü əlaqələrin yüksək inkişafı üçün bir bünövrədir. Digər ölkələrlə dostluq və iqtisadi əlaqələri qoruyub inkişaf etdirməklə yanaşı,  İranın maraqlarını da nəzərə almalıyıq».
S.Tallıbl iki dövlət başçılarının qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin münasibətlərin inkişafında rolunu qeyd edərək, Heydər Əliyevin 2002-ci ildə İrana səfəri zamanı imzalanmış 11 sazişi xüsusi vurğuladı.
Sonda tədbir iştirakçılarının məruzələr ətrafında çıxışları oldu. Filologiya elmləri doktoru Vilayət Cəfərov, iqtisad elmləri namizədi Əkrəm Rəhimli və başqaları edilən məruzələrə yüksək qiymət verdilər və ulu öndər Heydər Əliyevin Şərq siyasətinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rolu olduğunu vurğuladılar.

Vüqar Məmmədov,
filologiya elmləri namizədi