__

 

İran prezidentinin mətbuat müşaviri Şərqşünaslıq İnstitutunda oldu

İran İslam Respublikası (İİR) prezidentinin mətbuat məsələləri üzrə müşaviri və İRNA dövlət informasiya agentliyinin baş direktoru Əli Əkbər Cavanfekr aprelin 6-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. O, əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüb.
Gövhər xanım qonağa Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri və bu elm müəssisəsində İranşünaslıqla bağlı aparılan tədqiqatlar barədə məlumat verib. İran-Azərbaycan əlaqələrindən söz açan G.Baxşəliyeva İİR-in Ermənistanla münasibətlərdəki yaxınlıqdan narahatlığını bildirib.
Ə.Ə.Cavanfekr İranın Ermənistanla adi qonşuluq münasibətində olduğunu, Azərbaycanla isə qəlbən yaxın olduğunu söyləyib, həmçinin ölkəsinin xarici siyasətindən, elmə, mədəniyyətə münasibətindən söz açıb.
Daha sonra Ə.Ə.Cavanfekr Şərqşünaslıq İnstitutunda çalışan İranşünaslarla görüşüb. Görüşdə çıxış edən İran rəsmisi əsasən ölkəsinin və Qərbin xarici siyasəti arasında müqayisələr aparıb, Avropada ailə dəyərlərinin aşağı olmasını, Qərb dövlətlərinin təcavüzkar siyasət aparmasını, İranın isə əksinə, həmişə müdafiə olunmasını, insanlara kömək etməsini söyləyib.
Sonda Əli Əkbər Cavanfekr İranşünas alimlərin suallarını cavablandırıb.