Cübran Xəlil Cübranın "Qırılmış qanadlar" əsəri Azərbaycan dilində çap olunub
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda XX əsr mühacir ərəb ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Cübran Xəlil Cübranın «Qırılmış qanadlar» əsəri Azərbaycan dilində çapdan çıxıb. Əsəri ərəbcədən Azərbaycan dilinə millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və institutun elmi işçisi, filologiya elmləri namizədi Əfsanə Məmmədova tərcümə ediblər.
Cübran Xəlil Cübran (1883-1931) Livanda anadan olmuş, lakin ömrünün çoxunu ABŞ-da mühacirətdə keçirmişdir. Azərbaycan oxucularına təqdim olunan «Qırılmış qanadlar» əsəri Xəlil Cübranın ən böyük həcmli nəsr əsəridir. 1906-cı ildən üzərində işlədiyi bu povestini müəllif 1912-ci ildə tamamlayaraq, Nyu-Yorkda nəşr etdirib. «Qırılmış qanadlar» ərəb cəmiyyətinin bütün naqisliklərini açıb göstərməklə o dövrün kəskin senzurasına tuş gəlib. Povest lirik proloq və on kiçik hissədən ibarətdir. Hər hissə üçün seçilən ad əsərin ümumi süjet xəttini müəyyənləşdirməyib, əsər boyu cərəyan edən hadisələrin ümumi ruhuna uyğun seçilib.
Əsərin qısa süjet xətti bundan ibarətdir: Təhkiyəçi, yəni müəllifin özü, eyni zamanda baş qəhrəmanlardan biri atasının köhnə dostu Faris Kəramə ilə qarşılaşır. Faris Kəramə adlı-sanlı, nüfuzlu bir adam idi. Günlərin birində Faris Kəramə onu öz evinə dəvət edir və orada ikən qəhrəman Kəramənin qızı Səlma ilə tanış olur. Eyni yaşıd olan bu iki gənc arasında ilk baxışdan sevgi yaranır. Lakin bu sevgi faciəli sonluqla bitir. Belə ki, Faris Kəramə könülsüz olaraq qızını arxiyepiskop Bulis Qalibin qardaşı oğlu Mənsur bəyə ərə verir. Alçaq xislətli, tamahkar və əxlaqsız biri olan Mənsur bəy Faris Kəramənin var-dövlətinə yiyələnmək və cəmiyyətdə öz nüfuzunu möhkəmlətmək barədə düşünürdü. Səlma bir insan kimi ona maraqlı deyildi. Qızının bədbəxtliyi ata Kəraməni dərdə salır və o, çox keçmir ki, ölür. Səlma məhəbbətlə məcburiyyət arasında çırpınarkən, sevgisi yolunda ölümə aparan ətaləti seçir. Övladını dünyaya gətirərkən gözlərini əbədi olaraq həyata yumur. Əsər qəhrəmanın Səlmanın qəbri üstündə göz yaşı axıtması ilə bitir.