İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı İsrailin təcavüzünü pislədi

İyunun 30-da Suriya Ərəb Respublikasının paytaxtı Dəməşq şəhərində İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının fövqəladə konfransı keçirilib. 50-yə yaxın ölkənin parlament nümayəndələrinin təmsil olunduğu tədbirdə ölkəmizi millət vəkili, Azərbaycan parlamentinin İKT Pİ-dəki nümayəndə heyətinin rəhbəri, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva təmsil edib.
Qəzza bölgəsində son duruma həsr olunan konfrans Suriya prezidenti Bəşər Əsədin himayəsi altında həmin ölkənin parlamentinin spikeri, doktor Mahmud əl-Abraşın dəvəti ilə keçirilirdi. Konrfansın şüarı - «Qəzzanın ədalətsiz blokadasına yox» idi.
Konfransın açılış toplantısında İKT Pİ-nın fəaliyyətdə olan sədri, İndoneziya parlamentinin spikeri Marzuki Alie, Suriya parlamentinin spikeri, doktor Mahmud əl-Əbraş, təşkilatın baş katibi, doktor Mahmud Erol Kılıc (Türkiyə) çıxış etdilər.
Çıxışlarda Qəzza bölgəsində 1,5 milyon fələstinlinin insanlığa utanc gətirən blokadası qınanıldı. İndoneziya parlamentinin spikeri Marzuki Alie İsrail dövlətinin 35 aydır ki, bütün beynəlxalq hüquqları pozaraq fələstinliləri quru, hava və dəniz yollarından tam blokadaya almasını pislədi. O bu ilin aprel ayında Fələstin xalqına humanitar yardım aparan gəmilərin beynəlxalq sularda təcavüzə məruz qalması zamanı çoxlu sayda insanların həlak olması, yaralanmasını xatırlatdı və Allahdan həlak olan insanlara rəhmət, onların yaxınlarına səbr, yaralananlara şəfa dilədi. Marzuki Alie Fələstin xalqının hüquqlarının müdafiəsinə qalxan Türkiyə dövlətinin bu hadisələrdə prinsipial reaksiya verməsini minnətdarlıqla qarşıladı. İndoneziyalı spiker hadisələr zamanı İKT Pİ-nın nümayəndə heyətinin Fələstinə səfər etdiyini və onların baş verənlərin əyani şahidi olaraq hiddətə gəldiklərini söylədi: «İsrail həbsxanalarında bir çox fələstinli hələ də saxlanılmaqdadır. Onların azad olunmasına nail olmaq gərəkdir. Müstəqil Fələstin dövləti yaradılmalı, işğal olunmuş torpaqlar geri qaytarılmalıdır».
Suriya parlamentinin spikeri, doktor Mahmud əl-Əbraş çıxışında Fələstin xalqının 60 ildir ki, çəkdiyi acılardan söz açdı. Hazırda bölgədə humanitar fəlakətin yarandığını qeyd edən suriyalı spiker bütün ölkələri fələstinli uşaq, qadın və qocaların fəryadlarına biganə qalmamağa çağırdı. O, İsrailin 1967-ci ildəki sərhədlərinə çəkilməsinin vacibliyini qeyd etdi. Mahmud əl-Abraş fələstinlilərin hüquqlarının müdafiəsi sahəsində Türkiyə dövlətinin səylərini yüksək qiymətləndirdi.
Doktor Mahmud Erol Kılıc Fələstin probleminin İKT-nin bir nömrəli problemi olduğunu qeyd etdi və bütün dünya ölkələrini İsrailin bu təcavüzlərinə son qoyulması üçün lazımi addımlar atmağa çağırdı. O, fələstinlilərin hüquqlarının qorunmasını, onlara kömək göstərilməsinin hər bir kəsin insanlıq borcu olduğunu qeyd etdi.
Fasilədən sonra konfrans öz işini davam etdirdi və bu iclasda bir çox ölkələrin parlament rəhbərləri və nümayəndələri çıxış etdilər. Türkiyə parlamentinin spikeri Mehmet Əli Şahin «mən insanam deyən hər kəs Qəzzada baş verənlərə dözə bilməz» - söylədi. – «Orta Şərqin bütün problemləri bir-birinə bağlıdır və onların əsasında Fələstin problemi durur. Bu problemin həll olunmaması günü-gündən yeni problemlər doğurur». Türkiyənin baş verənlərə münasibətini xatırladan Mehmet Əli Şahin beynəlxalq aləmdən bu siyasətə dəstək istədiklərini vurğuladı.
Daha sonra Bəhreyn, Burkina Faso, Misir, İran, Livan, İordaniya, Mavritaniya, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Yəmən parlamentlərinin spikerləri, Əlcəzair, Benin, Fələstin, Seneqal, Sudan, Liviya, Mərakeş, Somali, Çad, Mali və s. ölkələrin parlamentlərinin spiker müavinləri və İKT Pİ-dəki nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.
Ölkəmizi tədbirdə təmsil edən Azərbaycan parlamentinin İKT Pİ-dəki nümayəndə heyətinin rəhbəri, professor Gövhər Baxşəliyeva iclasda çıxış edərək, Azərbaycan Respublikasının dost Fələstin xalqının sülh və sabitliyə nail olmasını, Qüds paytaxt olmaqla, müstəqil, suveren Fələstin dövlətinin yaradılması sahəsində səylərini dəstəklədiyini qeyd etdi. Qəzza bölgəsinin blokadasının beynəlxalq hüququn bütün normalarına zidd hesab olduğunu söləyən G.Baxşəliyeva, son illər islama qarşı ciddi təhdidlər, dözümsüzlük və diskriminasiya kimi halların aradan qaldırılması üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğudı.
Son iyirmi ildə Azərbaycan xalqının qarşılaşdığı əsas problemin Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsini xatırladan Gövhər xanım 1 milyondan çox azərbaycanlının öz ata-baba yurdundan qovulduğunu, erməni işğalının xalqımıza sağalmaz maddi və mənəvi yaralar vurduğunu qeyd etdi: “İşğal nəticəsində  torpaqlarımızda çoxsaylı maddi mədəniyyət nümunələri, mədəni abidələr, tarixi məscidlər, müqəddəs islam abidələri, müsəlman qəbiristanları tam dağıdılıb. Bu vandallıq təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütöv islam aləminə qarşı zərbədir”.
Erməni terroristlərinin Azərbaycan ərazilərini terror təşkilatlarının fəaliyyət meydanına çevirdiyini deyən G.Baxşəliyeva, 30 terror əməliyyatı nəticəsində Azərbaycanda 2 000 çox insanın həlak olduğunu xatrlatdı. Bugünəcən Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini və digər mötəbər beynəlxalq təşkilatlarının, o cümlədən İslam Konfransı Təşkilatının çoxsaylı qərar və qətnamələrini qulaq ardına vurduğunu diqqətə çatdıran Gövhər xanım qeyt etdi ki, Fələstin və Azərbaycan xalqlarının pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq səyləri daha da artırmaq, İKT-yə üzv dövlətlərin islam həmrəyliyini daha da gücləndirməsi gərəkdir.
Konfransın gedişində yaradılan xüsusi redaksiya heyətinin hazırladığı Dəməşq Bəyannaməsi iclasın sonunda müzakirə edilərək qəbul olundu.
Bəyannamədə Fələstin xalqının, paytaxtı Qüds olmaqla, öz müstəqil dövlətini yaratması uğrunda apardığı mübarizənin alqışlandığı, İsrailin Qəzzaya qarşı havadan, qurudan və dənizdən tətbiq etdiyi blokadanın tənqid olunduğu qeyd edilir.
İsrailin mühasirədə olan Qəzza xalqına humanitar yardım aparan gəmilərdəki günahsız insanların qanını axıtması pislənilir, BMT-nin baş katibindən bu cinayətin təhqiq olunması üçün müstəqil beynəlxalq komissiyanın yaradılması barədə təhlükəsizlik şürasının qərarının yerinə yetirilməsi tələb olunur. İsrailin humanitar yardım aparan gəmilərə qarşı təcavüzü nəticəsində beynəlxalq qanun normalarının pozulmasının təhqiqi üzrə “Hüquqların müstəqil şəkildə araşdırılması komissiyası”nın təşkil olunması barədə insan Hüquqları Şurasının qərarının həyata keçirilməsi labüd sayılır.
Bəyannamədə həmçinin qeyd olunur ki, Təşkilata üzv olan dövlətlərin parlamentləri bir mövqedən çıxış etməli, Fələstinlə eyni mövqedə dayanmalı, embarqonun götürülməsinə çalışmalı və təcavüzə son qoyulmasında həmrəylik göstərməlidirlər. Birləşmiş Millətlər Təşkilatından humanitar yardım aparan gəmilərə qarşı hücumları himayə edən İsrail rəhbərlərinin mühakiməsi üçün xüsusi bir beynəlxalq məhkəmə yaratması tələb olunur. Islam dövlətlərindən və bütün sülhsevər qüvvələrdən İsrailin dağıtdığı Qəzza bölgəsinə ərzaq, tibbi, inşaat və s. ləvazimatları aparan gəmiləri yollamaqda davam etmələri istənilir. Təcavüzkarla iqtisadi və diplomatik əlaqələrin kəsilməsi məsləhət bilinir. Türkiyənin Qəzza mühasirəsinə göstərdiyi münasibəti alqışlanır.