liviya_sefiri

Liviya səfiri Şərqşünaslıq İnstitutunda oldu

Liviyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbir martın 4-də AMEA Şərqşünaslıq İnstitutunda olub. Səfir millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüb.
Gövhər xanım Azərbaycan-Liviya Parlamentlərarası dostluq qrupunun rəhbəridir. Saad Mustafa Mucbir G.Baxşəliyeva ilə görüşün bu səbəbdən, eyni zamanda Azərbaycanla ölkəsinin mövcud elmi əlaqələrini öyrənmək və inkişafı üçün zəmin yaratmaq cəhətdən ona maraqlı olduğunu bildirib.
G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində görülən işlərdən söz açıb, səfiri institutda son zamanlar çap olunmuş kitablar və elmi jurnallarla tanış edib. Gövhər xanım rəhbərlik etdiyi institutda Liviya ilə bağlı elmi işlərin aparılmasının vacibləyindən danışıb. O, iki ölkə alimləri arasında elmi əlaqələrin qurulması, onların qarşılıqlı elmi səfərlərinn təşkilinin bu işə çox fayda verə biləcəyini qeyd edib, müştərək elmi işlərin görülməsinin əhəmiyyətini vurğulayıb. Gövhər xanım şərqşünas alimlərimiz üçün Liviya kitabxanalarında olan qədim mənbələrin, xəritələrin əhəmiyyətli olacağını bildirib.
Səfir Saad Mustafa Mucbir Azərbaycanda aparılan quruculuq işlərini, Azərbaycan elminin inkişafını yüksək qiymətləndirdiyini deyib və respublikamızdakı diplomatik fəaliyyətində ölkələrimiz arasında elmi əlaqələrin qurulmasına böyük həvəslə yardımçı olacağını söyləyib.