Əhməd Zəki Vəlidi Toqan - 120

Müasir türk tarixşünaslığının banilərindən biri sayılan görkəmli başqırd professoru Əhməd Zəki Validi Toğanın (1890, Başqırdıstan - 1970, İstanbul) bu il anadan olmasının 120 illiyi qeyd olunur. Bu münasibətlə 2010-cu il TÜRKSOY (Millətlərarası Türk Mədəniyyət Təşkilatı) tərəfindən Əhməd Zəki Validi Toğan ili elan olunub və təşkilata üzv olan ölkələrdə bununla bağlı bir sıra tədbirlər keçirilir.
Bu tədbirlər çərçivəsində aprelin 30-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında alimin yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. Konfransın təşkilatçıları Azərbaycan Milli Kitabxanası, TÜRKSOY, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutudur.
Konfransdan öncə Milli Kitabxanada «Əhməd Zəki Validi Toğan-120» adlı kitab sərgisi açıldı. Daha sonra konfrans öz işinə başladı.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açdı. K.Tahirov tədbir iştirakçılarını salamlayaraq, onlara məruzəçiləri və konfransın qonaqlarını təqdim etdi. Əhməd Zəki Validi Toğanın 120 illiyinə həsr olunmuş bu konfransın Milli Kitabxana üçün böyük hadisə olduğunu vurğulayan K.Tahirov, giriş nitqi üçün sözü mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva verdi.
S.Məmmədəliyeva TÜRKSOY-un elan etdiyi Əhməd Zəki Validi Toğan ili çərçivəsində bundan öncə keçirilmiş tədbirləri xatırladaraq, Bakıdakı konfransın da əhəmiyyətini qeyd etdi.
«Elmdə elə görkəmli şəxslər olmuşdur ki, sovetlər dövründə adlarını çəkmək belə mümkün olmurdu. Mühacirətdə öz xalqlarına xidmət etmiş görkəmli şəxslərdən biri də Əhməd Zəki Validi Toğandır» - deyən nazir müavini, türk millətinin belə bir alimi olduğu üçün xoşbəxt olduğunu söylədi və türk tarixini öyrənmək üçün bu cür alimlərə böyük ehtiyac duyulduğunu bildirdi.
Sonra millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva «Prof.Dr. Əhməd Zəki Validi Toğanın həyatı və elmi fəaliyyəti» mövzusunda geniş məruzə etdi. Əhməd Zəki Validi Toğanın keçdiyi həyat yoluna nəzər salan G.Baxşəliyeva, onun Başqırdıstanda göz açdığı ocaqdan, doğma kəndi Küzəndə aldığı ilk və orta təhsilindən, Kazandan Vyanayadək yiyələndiyi ali təhsildən, elmi və pedaqoji fəaliyyətindən, Milli Başqırd hökumətində tutduğu yüksək vəzifələrdən, Türküstanda bolşeviklərə qarşı mübarizəsindən məlumat verdi. 1925-ci ildə Türkiyəyə gələn Zəki Validinin Türkiyədə yaşadığı dövrü iki hissəyə bölmək olduğunu qeyd edən məruzəçi (1925-1932; 1939-1970) onun bu illərdəki elmi yaradıcılığı barədə ətraflı danışdı. 
1935-ci ildə Vyana Universitetində «İbn Fədlanın səyahətnaməsi» mövzusunda doktorluq işini müdafiə etmiş  Zəki Validinin «Türk metodologiyası», «Ümumtürk tarixinə giriş», «Tarixdə üsul», «Türkün müqəddəratı», «Quran və türklər», «Oğuz dastanı» və digər kitablarından söz açan Gövhər xanım, onun elmi fəaliyyəti zamanı Azərbaycanın tarixinə çox böyük əhəmiyyət verdiyini də qeyd etdi: «Zəki Validi Azərbaycan türklərinin tarixinə, etnoqrafiyasına, ictimai-siyasi, iqtisadi və mədəni vəziyyətlərinə dair çoxlu sayda elmi məqalələr yazıb müxtəlif illərdə və müxtəlif dillərdə buraxılan elmi, elmi-kütləvi jurnallarda və ensiklopediyalarda çap etdirmişdir. Onun tədqiqatlarında Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünün müxtəlif problemləri xüsusi yer tutur. O, 1927-ci ildə «Azərbaycan etnoqrafiyasına dair» adlı məşhur tədqiqatını işləyib nəşr etdirmişdir. Zəki Validinin «Ümumtürk tarixinə giriş» əsərində Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünə geniş yer verilmişdir. O bu əsərində Azərbaycan tarixinin müxtəlif məsələlərini işıqlandırmağa cəhd göstərmiş və buna müəyyən mənada nail ola bilmişdir».
Türkiyə Milli Kitabxanasının direktoru Tuncel Acar «Əhməd Zəki Validi Toğanın həyatı və fikri mücadiləsi» mövzusunda məruzə etdi. O, tədbirin əhəmiyyətindən danışaraq, tək tarixçi deyil, eyni zamanda görkəmli siyasətçi, dövlət adamı olan Əhməd Zəki Validi Toğanın mücadiləsinin bu gün siyasətçilərə bir örnək olduğunu dilə gətirdi. Onun tarixdə qoyduğu izlərin əbədiliyini, tarix elmində yaratdığı əsərlərin ölümsüzlüyünü qeyd edən T.Acar, Toğanın türkə aid bütün dəyərləri öyrənmək və öyrətmək istəyən qəhrəman alim olduğunu söylədi.
Əhməd Zəki Validi Toğanın qızı İsenbikə Toğan «Zəki Validi Toğanın tarixçiliyində coğrafiyanın rolu» mövzusunda çıxış etdi. İ.Toğan atasının əsrin əvvəllərində Bakıda olmasının onun üçün çox böyük əhəmiyyəti olduğunu və həyatının ən vacib qərarlarını o vaxt məhz Bakıda verdiyini bildirdi. Atasının coğrafiya elminə verdiyi önəmi onun Azərbaycana dair çalışmaları üzərində görmək olduğunu qeyd edən İsenbikə xanım, görkəmli alimin Azərbaycan coğrafiyası haqqında geniş məqaləsindən ətraflı söz açdı. Əhməd Zəki Validi Toğan bu məqalədə Bakı və Azərbaycanın digər şəhərləri haqqında məlumat verib. O, 1932-ci ildə çap etdirdiyi məqalədə həmin vaxtlar İçəri şəhərdə 8 məscidin olduğunu qeyd edib. Məqalədə müəllif bölgələrdən keçən yolları təsbit edib və karvan yollarının ticarətdə malik olduğu əhəmiyyətdən danışıb. İ.Toğan atasının coğrafiyaya aid əsərlərində yararlandığı qaynaqlardan da söz açdı.
Əhməd Zəki Validi Toğan adına Başqırdıstan Milli Kitabxanasının direktoru Azad İbrahimov «Ə.Z.Validi Toğan adına Başqırdıstan Milli Kitabxanası başqırd xalqının mənəvi-mədəni irsinin qoruyucu mərkəzi kimi» məruzəsində bu müəssisənin dünyada başqırdlar haqqında kitabların toplandığı yeganə kitabxana olduğunu qeyd etdi. O, rəhbərlik etdiyi kitabxananın Başqırd muxtariyyətinin banisinin adını daşıdığından fəxr duyduğunu bildirdi. Başqırdıstan Milli Kitabxanasının fondunda Əhməd Zəki Validi Toğanın saxlanılan əsərlərindən söz açan A.İbrahimov, onun bu sırada Azərbaycana aid yazılarının xüsusi yeri olduğunu, ümumiyyətlə, əsərlərində türk əhalisinin yaşadıqları bütün ərazilərin coğrafiyasını əhatə edə bildiyini söylədi.
TÜRKSOY-un baş katibinin müavini Firat Pustas 17 illik fəaliyyəti olan bu təşkilatın 2010-cu ili Toğan ili elan etmək qərarını ötən il məhz Bakıda verdiyini bildirdi. O bundan öncə İstanbulda təşkil edilmiş simpoziumu və Qazaxıstanda keçirilmiş toplantını xatırlatdı və Bakıdakı tədbirin hazırlıq prosesindən söz açdı. Təmsil etdiyi təşkilatın məqsədinin bütün dünya türklərinin sahib olduğu mədəni xəzinələrimizi qorumaq olduğunu deyən natiq, Əhməd Zəki Validi Toğanın da yaradıcılığının məhz belə qiymətli xəzinə olduğunu qeyd etdi.
İ.Qaspralı adına Krım-tatar kitabxanasının direktoru Aydar Emirov «Əhməd Zəki Validi Toğan və Cəfər Seydamət Krımər. İki lider – iki tale: paralel kəsişmə» mövzusunda çıxış etdi. O, Krım tatarlarının azadlıq mübarizəsinin lideri olan Cəfər Seydamət Krımərlə Əhməd Zəki Validi Toğanın həyat və fəaliyyətində oxşar cəhətlərdən söz açdı. A.Emirov hər iki liderin təxminən eyni vaxtda kənd ailəsində dünyaya göz açdığını, hər ikisinin İ.Qaspralının «Tərcüman» qəzetindən təsirləndiyini qeyd etdi. Onların hər ikisi xalqlarının ruslaşdırılmasına mane olmağa çalışıb, qadın hüquqlarına eyni münasibət bəsləyib. Hər ikisi ömrünün sonunu Türkiyədə keçirib. A.Emirov gələn il İ.Qaspralının 160 illiyinin qeyd ediləcəyini toplantı iştirakçılarının nəzərinə çatdırdı.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Mirzə Ənsərli «Prof. Dr. Əhməd Zəki Validi Toğanın həyatı və elmi fəaliyyətinin Azərbaycanda öyrənilməsi» adlı məruzə ilə çıxış etdi. O, ölkəmizdə müstəqillik illərinə qədər Əhməd Zəki Validi Toğanın əsərlərindən müvafiq idarələrdən icazə olmadan istifadənin mümkünsüzlüyünü xatırlatdı. Müstəqillik dövründə Əhməd Zəki Validi Toğanla bağlı tədqiqatlardan söz açan M.Ənsərli, Tofiq Nəcəflinin, İsfəndiyar Vahabzadənin Vaqif Piriyevin. Aydın Mədətoğlunun və özünün bu sahədə gördüyü işlərdən danışdı. Mirzə Ənsərli özü hal-hazırda «Prof. Dr. Əhməd Zəki Validi Toğan və Türkiyə tarixşünaslığı» adlı namizədlik dissertasiyası üzərində çalışır.
Tədbirdə həmçinin AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, Qazaxıstanın Tarix və etnoqrafiya İnstitutunun əməkdaşı tarix elmləri namizədi Altun Ualtayeva, Əhməd Zəki Validi Toğan adına Başqırdıstan Milli Kitabxanasının  Əlyazmalar və nadir kitablar şöbəsinin müdiri İldar Kireyev, AMEA akademik Z.Bünyadov adına şərqşünaslıq İnstitutunun əməkdaşları, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi və tarix elmləri namizədi Bəşarət Bəşirova Əhməd Zəki Validi Toğan barəsində nitq söylədilər.
Konfransın sonunda tövsiyələr söylənərək qəbul olundu.

Vüqar Məmmədov,
fİlologiya elmləri namizədi