«Cənubi Qafqaz xalqları: dil, tarix, mədəniyyət əlaqələri» adlı beynəlxalq konfransda
Noyabrın 25-28-də Türkiyənin Ordu Universitetində «Cənubi Qafqaz xalqları: dil, tarix, mədəniyyət əlaqələri» adlı beynəlxalq konfrans keçirilib. Konfransın təşkilatçıları Ordu Universiteti (Türkiyə), Bakı Slavyan Universiteti (Azərbaycan), Azad İslam Universiteti (İran) və Axaltsike Universiteti (Gürcüstan) idi. Tədbirə Azərbaycandan 30-dan çox alim qatılıb.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, tarix elmləri namizədi Sübhan Talıblı konfransda «Cənubi Qafqaz NATO və İran əlaqələrində» mövzusunda məruzə ilə çıxış edib. Məruzədə NATO-nun Cənubi Qafqazda mövqeyi və maraqları, eləcə də Cənubi Qafqaz ölkələlrinin NATO-ya inteqrasiyası məsələsi nəzərdən keçirilir. Eləcə də NATO-nun Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətləri və İranın buna qarşı mövqeyi təhlil olunur. Məruzəçiyə görə, Tehran özünün Cənubi Qafqazla bağlı mövqeyini bildirərkən özünün siyasi-iqtisadi, strateji maraqlarını, eləcə də region dövlətlərinin maraqlarını nəzərə almağa çalışmış, lakin böyük dövlətlərin Cənubi Qafqazdakı maraqlarına münasibətdə balans siyasətini qoruya bilməmiş və bu da adı çəkilən regionda sülh və təhlükəsizliyin hələ də kövrək olduğunu göstərir.
Konfrans iştirakçıları səfər çərçivəsində Ordu Universiteti, Ordu valiliyi və Ordu bələdiyyəsi ilə yaxından tanış olub, bu idarə və müəssisələrin rəhbərliyi ilə qarşılıqlı fikir mübadiləsi aparıblar.