Mərakeş səfiri Şərqşünaslıq İnstitutuna kitablar hədiyyə etdi

Noyabr ayının 26-da Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həssan Hami AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldu. Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşən səfir instituta Mərakeşlə bağlı kitablar hədiyyə etdi. Şərqşünaslıq İnstitutunda bu ilin fevralındakı görüşünü xatırladan səfir, o zaman ona olan müraciəti nəzərə alaraq, ölkəsinin xarici işlər və mədəniyyət nazirliklərinə müraciət edərək müvafiq ədəbiyyatın toplanmasını xahiş etdiyini söylədi. Həssan Hami təqdim edilən ədəbiyyat sırasında poeziyaya, nəsrə, fəlsəfəyə və digər sahələrə aid kitabların olduğunu qeyd edərək, bu kitabaldan şərqşünas alimlərin yararlana biləcəyinə ümid etdiyini bildirdi.
İnstitutun kitabxanasına hədiyyə edilən kitablara görə Mərakeş səfirinə təşəkkürünü bildirən Gövhər Baxşəliyeva, müxtəlif mövzuları əhatə edən bu kitabların tədqiqidçılara faydalı olacağını və bu kitabların gələcəkdə neçə-neçə yeni elmi əsərlərin, dissertasiyaların mövzusu olacağını söylədi.
Daha sonra Gövhər Baxşəliyeva və Həssan Hami Şərqşünaslıq İnstitutunun Mərakeşin aparıcı elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığının perspektivlərini müzakirə etdilər.