Millət vəkili Gövhər Baxşəliyeva İstanbulda «Müsəlman cəmiyyətlərində dəyişikliklər və qadınların rolu» mövzusunda beynəlxalq konfransda iştirak edib


Dekabrın 23-24-də Türkiyənin İstanbul şəhərində «Müsəlman cəmiyyətlərində dəyişikliklər və qadınların rolu» mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı və Türkiyə Ailə və Sosial Siyasət Nazirliyi idi.
Konfransın açılışında İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının baş katibi doktor, professor Mahmud Erol Kılıc, İslam Əməkdaşlığı Təşkilatının baş katibi doktor, professor Əkmələddin İhsanoğlu, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahin, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış ediblər. Çıxışçılar inkişaf edən müsəlman cəmiyyətində qadının rolundan danışıb, xüsusən Yaxın Şərq və Şimali Afrika regionunda qadın hüquqlarından söz açıblar, qadınların siyasi iştirakı yolu ilə demokratiyanın möhkəmləndirilməsinin, effektiv milli gender mexanizminin yaradılmasının zəruriliyini vurğulayıblar, gender bərabərliyi institutunun təsis edilməsi fikrini dəstəkləyiblər.
Tədbirdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışı böyük hərarətlə qarşılanıb. Hökumət başçısı islam dinində qadına münasibətdən danışıb, qadının inkişafı olmadan cəmiyyətin inkişafının mümkünsüzlüyünü qeyd edib. Rəcəb Tayyib Ərdoğan Fransa Senatının bu yaxınlarda qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərara da öz münasibətini bildirib. O, 500-dən çox üzvü olan bir qurumun cəmisi 50-yə yaxın üzvünün iştirakı ilə keçirilən iclasda 30-dan bir qədər artıq senat üzvünün səsvermə ilə dəstəklədiyi bir qərarın qüvvəyə minməsini heç bir prinsipə sığmadığını vurğulayıb. Ümumiyyətlə, türklərin ermənilərə qarşı soyqırımının olmadığını deyən baş nazir, Fransa prezidenti Nikolya Sarkoziyə ünvanlanaraq, fransızların vaxtilə Əlcəzairdə ərəblərə qarşı törətdiyi soyqırımının, fransalıların çətin tarixi dönəmlərində məhz türklərə üz tutaraq kömək istəməsinin tarixi faktlar olduğunu nəzərə çatdırıb. Rəcəb Tayyib Ərdoğan söylədiklərinin təsdiqi olaraq vaxtilə fransızların kralı Françeskonun Qanuni Sultan Süleymana ünvanladığı məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məktubda yazılır: «Sən ki, Fransa ölkəsinin kralı olan Françeskosan. Kralların sığınacağı olan qapıma məktub göndərərək ölkənizin işğala uğradığını və əsir edilərək həbsə atıldığınızı bildirmisiniz. Bu vəziyyətdən xilas olmaq üçün məndən kömək istəyirsiniz. Könlünüzü sıxmayın, əsla üzülməyin. Yalnız Allahın dediyi olar. Nə edəcəyimi elçinizdən öyrənəcəksiniz».
Baş nazir Fransa prezidentinə əsl soyqırımın fransalılar tərəfindən törədildiyini necə öyrənə biləcəyini də anladıb: «Əlcəzairdə fransızların etdiyi soyqırımı idi. Sarkozi bu soyqırımı bilmirsə, getsin atası Sarkozidən soruşsun. Sarkozinin babası da İspaniyadan qaçıb Osmanlıya sığındı, daha sonra Fransaya köç etdi. Sarkozi əgər öz ailəsinə baxsa, orada Türkiyənin, türklərin köməyindən, xoş münasibətindən başqa heç bir şey görməz».
Konfransda Azərbaycandan millət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva çıxış edib. Regionda baş verən dəyişikliklərin xüsusiyyətlərindən danışan Gövhər xanım demokratikləşmə, modernləşmə yolunu tutmağın ərəb xalqları üçün bir tarixi şans olduğunu vurğulayıb. G.Baxşəliyeva Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın soyqırımı ilə bağlı söylədiyi fikirlərə də münasibətini bildirib. Dəqiq tarixi faktlara əsaslanan çıxışı tam dəstəklədiyini bildirən Gövhər xanım, Fransanın 100 il öncəki qondarma soyqırımı ilə bağlı qərar qəbul etməkdənsə, 20 il öncə Xocalıda ermənilər tərəfindən törədilən soyqırımına, bütöv bir şəhərin məhv edilməsinə, 600-dən çox insanın qətlə yetirilməsinə, minlərlə insanın əsir götürülərək işgəncələrə məruz qoyulmasına, minlərlə insanın qarın içində donmasına və digər vəhşiliklərə münasibət bildirməyin düzgün olduğunu vurğulayıb. Tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən söz açan G.Baxşəliyeva, 1918-ci ilin 30 mart hadisələrində Stepan Şaumyanın himayəsi altında olan dəstələrin həyata keçirdikləri qətllərdən danışıb, respublikanın müxtəlif bölgələrində vəhşiliklə kütləvi qırğınların həyata keçirilməsi, cəsədlərin kül halında quyulara basdırılması faktlarını diqqətə çatdırıb. Bütün bu vəhşiliklər o zaman hadisələrdən dərhal sonra yaradılan Fövqəladə istintaq komissiyası tərəfindən araşdırılaraq sübuta yetirilib. Həmin arxiv sənədləri toplu halında çap olunaraq müxtəlif dillərdə yayılıb. Ermənilərin Cənubi Azərbaycanda da törətdikləri soyqırımından danışan G.Baxşəliyeva, bütün bunların təbrizli tarixçi alim Səməd Sərdariniyanın «Arazın hər iki tayında müsəlmanların soyqırımı» kitabında əks olunduğunu nəzərə çatdırıb.
Fransa senatının bütün bu vəhşiliklərə qiymət vermək əvəzinə türklərin ermənilərə qarşı qondarma soyqırımı məsələsini qanunvericiliyə salaraq cəzaların tətbiq etməsini pisləyən Gövhər xanım, buna cavab olaraq Türkiyə Böyük Millət Məclisinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı aktlarına qiymət verərək bunun qanunvericiliyə salınmasını təklif edib. Gövhər Baxşəliyevanın çıxışı dəfələrlə hərarətli alqışlarla qarşılanıb. Tədbirdən sonra da Gövhər xanıma bu məsələlər barədə daha ətraflı məlumat verməsi, müvafiq materialların çatdırılması ilə bağlı müraciətlər olub. Türkiyənin televiziyasının xəbərlər xidməti və «Kanal-7» televiziya kanalı Gövhər Baxşəliyevadan ətraflı müsahibələr götürüblər.
Tədbirin sonunda konfransın bəyannaməsi qəbul edilib. Bəyannamədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana konfransda iştirakına və dünya ictimaiyyətini qadınlara yönəlmiş zorakılığın bütün formalarını pisləməyə və onlara qarşı mübarizə aparmağa səsləyən ruhlandırıcı bəyanatına görə, həmçinin tədbirin təşkili və konfransda iştiraklarına görə  İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının baş katibi doktor, professor Mahmud Erol Kılıca, İslam Əməkdaşlığı Təşkilatının baş katibi doktor, professor Əkmələddin İhsanoğluna, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahinə dərin minnətdarlıq bildirilir, İslam ölkələrindəki təşkilatların əksəriyyətində qadın problemi ilə məşğul olan bölmələrin yaradılması alqışlanır, qadınların üzləşdikləri problemlərin və çətinliklərin həlli üçün İKT-yə üzv ölkələrin parlamentlərinin nümayəndə heyətləri başçılarının dəyərli tövsiyə və təkliflərinin, ümumregion Gender Bərabərlik İnstitutunun yaradılması təklifinin nəzərə alındığı qeyd olunur.