Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının nümayəndə heyəti Şərqşünaslıq İnstitutunda olub
Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti may ayının 24-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Çinin bu elm ocağının vitse-prezidenti Ji Ziye, eləcə də akademiyanın Rusiya İnstitutunun əməkdaşları Vanq Qin və Şan Yue Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüblər. Görüşdə tarix üzrə fəlsəfə doktorları - Şərqşünaslıq İnstitutunun direktoru müavini Şahin Mustafayev, «Mərkəzi Asiya və Uzaq Şərq ölkələri» şöbəsinin müdiri, çinşünas mütəxəssis, Rafiq Abbasov, «Ərəb ölkələri tarixi və iqtisadiyyatı» şöbəsinin müdiri Fərda Əsədov, həmçinin «Türk filologiyası» şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xalidə Quliyeva-Qafqazlı iştirak ediblər.
Gövhər Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatların istiqamətləri barədə məlumat verib, ənənəvi istiqamətlər – ərəb ölkələri, Türkiyə və İranla yanaşı, son vaxtlar Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin tarixi, dili, ədəbiyyatı, mədəniyyəti ilə bağlı tədqiqatlara diqqət yetirildiyini qeyd edərək, bu yaxınlarda açılan müvafiq şöbədə, əsasən regionun ən böyük dövləti olan Çinlə bağlı elmi araşdırmaların aparıldığını söyləyib. Gövhər xanım həmçinin Çinin son illərdə keçdiyi sürətli iqtisadi inkişaf yolundan danışaraq, bu ölkənin öz nailiyyətləri ilə dünya dövlətləri arasında xüsusi seçildiyini vurğulayıb.
Görüşdə çinli və azərbaycanlı mütəxəssislər arasında müasir Şərqdə hazırkı vəziyyət, Çin və Azərbaycan arasındakı iqtisadi, mədəni, elmi əlaqələrlə bağlı müzakirələr aparılıb, qarşılıqlı elmi səfərlərin və əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyi fikri vurğulanıb.