Tehranda Gürcüstanla bağlı beynəlxalq konfrans keçirili

Fevral ayının 20-də İranın paytaxtı Tehran şəhərində “Gürcüstanın bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirin təşkilatçısı İranın Qafqaz Tədqiqatlar Mərkəzi, Tehran Universiteti, Gürcüstanın İrandakı səfirliyi, İranın Gürcüstandakı səfirliyi olub. Tədbirdə İrandan və Gürcüstandan çox sayda elm adamı, Rusiyadan və Azərbaycandan nümayəndələr iştirak ediblər. Azərbaycanı tədbirdə Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Sübhan Talıblı təmsil edib.
Tədbirdə giriş sözü ilə Konfransın təkilat komitəsinin sədri Səid Seyfi çıxış edib. Daha sonra İranın İslam Mədəniyyəti və Beynəlxalq Əlaqələri Cəmiyyətinin sədri doktor Məhəmmədbağır Xürrəmşad, Gürcüstanın keçmiş xarici işlər naziri doktor İrakli Minaqarişvili, İranın Gürcüstandakı səfiri doktor Məcid Sabir, Gürcüstanın İrandakı səfiri Georgi Cancqava, Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov, konfransın elmi katibi Müctəba Dəmirçioğlu, tədqiqatçı Həmid Kazimzadə və s. şəxslər də çıxış ediblər.
Sübhan Talıblı tədbirdə “İranın Qafqaz siyasətində Gürcüstanın rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə söylənilir ki, İran İslam Respublikasının (İİR) Qafqaz siyasətində mühüm həlqələrdən biri Tehran-Tbilisi münasibətləridir. Bu münasibətlər 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulduqdan sonra mühüm əhəmiyyət kəsb etmişdir. Tehran Gürcüstan ilə münasibətlərə siyasi mülahizələrlə yanaşı, geostrateji və iqtisadi maraqlarının təmin olunması üçün ciddi önəm verir. Bu məqsədlə orada gedən prosesləri ciddi izləyir. S.Talıblı məruzəsində Tiflisin müstəqilliyinin ilk illərindən Abxaziya və Cənubi Osetiyada üzləşdiyi separatizm təhlükəsi, Gürcüstanın ərazi bütövlüyünü qoruyub saxlamağa, Qərb strukturlarına inteqrasiya etməyə, NATO və Avropa İttifaqına üzv olmaqla yeni istiqamətdə irəli getməyə can atmasından söz açib, İran-Gürcüstan münasibətlərində Tehranın siyasi və iqtisadi maraqlarla yanaşı, həm də ideoloji prizmadan çıxış etdiyini vurğulayıb və bu fikirlərini açıqlayıb..
Məruzəçi çıxışının sonunda region ölkələri şərqşünaslarının Tehranda görüşünün keçirilməsini təklif edib.