Xocalı şəhidləri Şərqşünaslıq İnstitutunda yad edildilər

 

1992-ci il fevralın 26-sı tarixə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilən Xocalı soyqırımı günü kimi düşdü. Həmin gecə erməni hərbi birləşmələri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərini zəbt etdilər. Ermənilərin törətdikləri görünməmiş vəhşiliklər nəticəsində dinc Xocalı sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq şəhid oldu, 487 nəfər şikəst qaldı, əksəriyyəti qocalar, uşaqlar, qadınlar olmaqla 1275 nəfər əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldı.
Bu kədərli gündən artıq 18 il ötür. Bu gün ölkəmizin hər yerində, eləcə də xaricdə yaşayan soydaşlarımızın səyləri ilə xarici ölkələrdə Xocalı şəhidlərinin əziz xatirəsi yad edilir, müxtəlif anım tədbirlərı keçirilir. Xocalı şəhidlərinin belə anım mərasimlərindən biri də fevralın 24-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirildi.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi. Xocalı faciəsinin ağır nəticələrı barədə danışan G.Baxşəliyeva, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi. Gövhər xanım ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verildiyini qeyd etdi. Xocalı soyqırımı ilə bağlı İslam Konfransı Təşkilatı Parlament İttifaqı tərəfindən də müvafiq sənəd qəbul edilib və 57 üzvü olan təşkilata daxil olan ölkə parlamentlərinə də Xocalı faciəsinin soyqırımı kimi qəbul edilməsi ilə bağlı müraciət edilib.
Tədbirdə institut əməkdaşlarından filologiya elmləri namizədi Cabbar Cəlilov, iqtisad elmləri namizədi Əkrəm Rəhimli, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların  amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.