Çin səfiri Şərqşünaslıq İnstitutunda oldu
Fevralın 23-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Yannian AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldu. Səfir Şərqşünaslıq İnstitutunun direktoru, milət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və institutun bir qrup əməkdaşı ilə görüşdü.
Səfir Çjan Yannian Şərqşünaslıq İnstitutunda 2009-cu ildə keçirdiyi görüşü xatırlatdı və bundan sonra qarşılıqlı əməkdaşlıq sahəsində görülən işlər və onların perspektivindən söz açdı. Sonra o, institutda yeni yaradılan «Mərkəzi Asiya və Uzaq Şərq ölkələri» şöbəsi ilə maraqlandı.
Gövhər Baxşəliyeva bu şöbənin AMEA Rəyasət Heyətində yaxın günlərdə təsdiq olunacağını bildirdi və onun fəaliyyət istiqamətlərindən danışdı. Gövhər xanım «Mərkəzi Asiya və Uzaq Şərq ölkələri» şöbəsində ilk növbədə dünyanın ən çox əhaliyə malik ölkəsi Çinlə bağlı tədqiqatların, eləcə də bölgənin digər ölkələri ilə bağlı elmi araşdırmaların aparılağacını bildirdi. O, yeni şöbə ilə bağlı işlərə institutun əməkdaşı, çinşünas alim Rafiq Abbasoun rəhbərlik etdiyini bildirdi.
Görüşdə iştirak edən tarix elmləri namizədi Rafiq Abbasov «Mərkəzi Asiya və Uzaq Şərq ölkələri» şöbəsinin ölkəmizdə Çini öyrənən əsas elmi mərkəz olacağını və bu tədqiqatların iki ölkə arasında elmi əlaqələrin genişləşməsinə xidmət edəcəyinə əminliyini bildirdi.
Səfir Çjan Yannian Şərqşünaslıq İnstitutunda yaradılan «Mərkəzi Asiya və Uzaq Şərq ölkələri» şöbəsinin işinə uğurlar arzuladı və şöbənin fəaliyyətinə kömək göstərməyə, o cümlədən institut əməkdaşlarının Çinə kurslara göndərilməsini təşkil etməyə hazır olduqlarını bildirdi.