AMEA Şərqşünaslıq İnstitutu Rumıniyada konfrans keçirdi
Son zamanlar beynəlxalq əlaqələrini xeyli genişləndirən AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun səmərəli fəaliyyətinin bir bariz nümunəsi kimi bu günlərdə Rumıniyada keçirilmiş elmi konfransı və imzalanmış memorandumu göstərmək olar.
İyunun 17-18-də Rumıniyanın Kluj-Napoka şəhərində «Şərq və Qərb arasında dialoq» mövzusunda keçirilmiş konfransı AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu həmin şəhərdə yerləşən və 430 illik tarixi olan Avropanın qədim universitetlərindən olan Babeş-Bolya Universitetinin Türkologiya və Mərkəzi Asiya Tədqiqatları İnstitutu ilə birgə təşkil etmişdi.
Rumıniyaya millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın rəhbərliyi altında yollanan Azərbaycan nümayəndə heyəti ilk olaraq iyunun 16-da Buxarestdə Tey parkında – Heydər Əliyev xiyabanında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək abidə önünə çiçəklər qoydu.
Ertəsi gün Kluj-Napokada «Şərq və Qərb arasında dialoq» mövzusunda konfrans öz işinə başladı. Konfransın açılış mərasimində Rumıniya prezidentinin müşaviri, P.Kovaks, Rumıniya Parlamentinin Təhsil komissiyasının sədr müavini K.İosif, bu ölkənin mədəniyyət və milli irs nazirinin müavini V.Timuş, Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov, millət vəkili, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, millət vəkilləri Gültəkin Hacıbəyli və Fazil Mustafa və başqaları çıxış etdilər.
Konfransa Azərbaycan və Rumıniya alimlərindən başqa Türkiyə, Moldova və Yunanıstandan nümayəndələr qatılmışdı. Professor Gövhər Baxşəliyeva konfransda «Sivilizasiyalararası dialoq prosesində mədəni sintez problemi» mövzusunda məruzə etdi. Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi olduğunu qeyd edən G.Baxşəliyeva, eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə, ellinizm dövründə isə əks təsirin olduğunu söylədi. Dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin yaradıcılığında hələ XII əsrdə Şərq-Qərb paradiqmasının öz parlaq əksini tapdığını xatırladan Gövhər xanım yalnız hər iki sivilizasiyanın mədəni-fəlsəfi nailiyyətlərini dərindən mənimsəmiş müəllifin qələmindən «Xəmsə» kimi möhtəşəm əsərin çıxa bildiyini dedi.
«Taleyin hökmü ilə Azərbaycan Respublikası coğrafi məkan baxımından Şərq və Qərbin qovşağında yerləşir, xalqımız isə zaman-zaman dünya mədəniyyətinə öz dəyərli töhfəsini verməklə yanaşı, hər iki sivilizasiyanın təsiri altında olmuşdur» - deyən məruzəçi, «Qoca şərqin qapısı» adlanan Azərbaycanın min ildən çox bir müddətdə müsəlman mənəvi-mədəni arealına daxil olduğunu vurğuladı. Bu baxımdan tariximizin səhifələrinə nəzər salan Gövhər xanım ölkəmizin müstəqillik qazandıqdan sonra da fərqli mədəniyyətlərin qovşağına düşdüyünü və bu mədəniyyətlərə eyni dərəcədə açıldığını qeyd etdi.
Şərqşünaslıq İnstitutunun əməkdaşlarından filologiya elmləri namizədi Lalə Əliyeva «Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqə və təsirində məşhur azərbaycanlı şərqşünas alim Aida İmanquliyevanın nümunəsi», filologiya elmləri doktoru Vilayət Cəfərov «Mahmud Kaşğari folklorçu və səyahətçi kimi» mövzularında məruzə etdilər.
Konfrans çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AMEA Şərqşünaslıq İnstitutu və Babeş-Bolya Universitetinin Türkologiya və Mərkəzi Asiya Tədqiqatları İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyevanın və Türkologiya və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru, professor Təhsin Cəmilin imzaladığı memorandumda müştərək elmi-tədqiqat işlərinin aparılması və onların nəşri; türk və Mərkəzi Asiya xalqlarının tarix və mədəniyyətinə dair mühazirələrin oxunması məqsədi ilə alimlərimizin qarşılıqlı səfərlərinin təşkili; ölkələrimizin kitabxana və arxivlərində olan kitab və əlyazma mənbələrindən tərəflərin qarşılıqlı surətdə istifadə etməsinə şərait yaradılması; kadr hazırlığı və əməkdaşların staj keçməsində tərəflərin bir-birinə yardımçı olması; birgə elmi seminar, konfrans və simpoziumların təşkili; Azərbaycanda Rumıniya, Rumıniyada isə Azərbaycan şərqşünaslarının elmi əsərlərinin nəşr olunmasının təşkili; Azərbaycan və Rumıniya respublikalarında türk dünyası və Şərq ölkələrinin tarix, ədəbiyyat, mədəniyyət və ictimai fikrinin tədqiqi ilə məşğul olan elmi mərkəzlərin fəaliyyəti ilə tanışlıq və qarşılıqlı təcrübə mübadiləsinin təşkili nəzərdə tutulur.
İyunun 19-da Azərbaycanın nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyində oldu və konfransın təşkilində, ümumiyyətlə institutlar arasında əlaqələrin yaradılmasında böyük əməyi olan səfir Eldar Həsənovla görüşdülər.
Vüqar MƏMMƏDOV,
filologiyaelmlərinamizədi