__

Şərqşünas alimlərimizin Misirə səfəri səmərəli olub

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun son zamanlar əməkdaşlığı genişləndirdiyi ölkələr arasında Misir Ərəb Respublikasının böyük yeri var. Bu ölkə ilə əməkdaşlıq sahəsində görülən işlər sırasında oktyabrın 24-dən noyabrın 8-dək Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşının Misirdə elmi ezamiyyətdə olmasını xüsusi qeyd etməyə dəyər.

Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərovun rəhbərliyi ilə alimlərimizin səfərini Misirin Xarici İşlər Nazirliyinin MDB və Şərqi Avropanın yeni müstəqillik qazanmış müsəlman ölkələri ilə əlaqələr fondu təşkil edib.

Səfərin əsas məqsədi şərqşünas alimlərimizin ərəb dili, mədəniyyəti və ərəb ölkələrinin tarixi barədə daha dərin məlumat almaq idi. Qahirə şəhərinə gəlmiş şərqşünaslar Misirin aparıcı universitetlərində yerli alimlərlə görüşlər keçiriblər. onlar məşhur Əl-Əzhər universiteti və Qahirə universitetinin təşkil etdikləri elmi məclislərdə iştirak edib, yerli alimlərin mühazirələrini dinləyiblər. Azərbaycan nümayəndə heyyəti "Müasir sivilizasiyada qadinin rolu" adı altinda konfransda, eləcə də müxtəlif mövzuda dəyirmi masalarda iştirak edib.

Misirdə keçirilmiş mühüm görüşlərdən biri Ərəb ölkələri Liqasında baş tutub. Görüşdə Misir - Azərbaycan əlaqələrinin müxtəlif sahələri müzakirə olunub. Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Əmir Qasımlı çıxış edərək, 60-cı ildən başlayaraq Misir - Azərbaycan əlaqələrinin mühüm məqamlarına nəzər salıb. Azərbaycanlı mütəxəssislərin Misirin iqtisadiyyatının inkişafındakı xidmətləri diqqətə çatdırılıb.

Ərəb ölkələri Liqası aparatının rəisi Hişam Yusif ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnun qaldığını söyləyib, Azərbaycanın istila olunmuş ərazilərinin beynəlxalq hüquq çərçivəsində həll olunması məsələsini Misir dövlətinin bütün səviyyələrdə müdafiə etdiyini bildirib.