Akademik Ziya Bünyadovun xatirəsi anıldı


Görkəmli şərqşünas alim, vaxtilə AMEA-nın vitse-prezidenti, AMEA Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmış, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovu aramızdan 15 ilə yaxın bir vaxt ayırır. Lakin bu böyük insanın elmdə əldə etdiyi nailiyyətlər, döyüş meydanlarında göstərdiyi şücaətlər heç zaman unudulmur. Dekabrın 21-də – böyük alimin doğum günündə AMEA-nın rəhbərliyi, AMEA Şərqşünaslıq İnstitutunun kollektivi, Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadova və ailə üzvləri Fəxri Xiyabanda onun məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad etdilər. Ziya Bünyadovun məzarı üzərinə əklillər qoyuldu, gül dəstələri düzüldü.
AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, vitse-prezidenti, akademik Nailə Vəlixanlı, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva çıxış edərək, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi Ziya Bünyadovun keçdiyi zəngin və mənalı həyat yolundan, qoyduğu böyük elmi irsdən, yaratdığı elmi məktəbdən danışdılar. Ziya Bünyadovun öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq, orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanındığı vurğulandı.
Möhtərəm prezident İlham Əliyevin bu yaxınlarda akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam qeyd edildi və bununla əlaqədar bir sıra tədbirlərin nəzərdə tutuldugu bildirildi. Tədbirlərin tək paytaxtda deyil, respublikanın bölgələrində də keçiriləcəyi qeyd edildi.