Yeni kitab

Əfsanə Məmmədova
«Əl-Mütənəbbi dünyası. Poeziya hikmət»

AMEA Şərqşünaslıq İnstitutunda filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədovanın «Əl-Mütənəbbi dünyası. Poeziya və hikmət» adlı yeni kitabı işıq üzü görüb. Monoqrafiya orta əsrlərin ən böyük söz ustadlarından olan, adı Şekspir, Höte, Hüqo kimi dünya şöhrətli nəhənglərlə bir sıraya qoyulan Əbu ət-Tayib əl Mütənəbbi kimi böyük bir sənətkarın şəxsiyyət və yaradıcılığının, şairin etik-fəlsəfi fikir və düşüncələrinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edirsə, digər tərəfdən, ərəb etik-didaktik düşüncəsinin əsas ideya istiqamətlərinin araşdırılması, onun nəinki ərəb ədəbiyyatında, bütövlükdə dünya ədəbiyyatında əksinin izlənməsi baxımından da aktualdır. Təsadüfi deyil ki, əl-Mütənəbbi hikməti mükəmməl etik təlim kimi özündə  həm cahiliyyət dövrü əxlaqi düşüncə tərzini, həm qədim yunan fəlsəfəsini, həm də islam təfəkkürünü birləşdirir.
Tədqiqat prosesində Azərbaycan ərəbşünaslığında indiyədək öyrənilməmiş problemlər əks olunmuş, ərəb əxlaqi-fəlsəfi düşüncə tarixi izlənilmiş, ərəb seirində əxlaqi-didaktik mövzuların əks olunması prosesi öyrənilmiş, ayrıca olaraq, əl-Mütənəbbi hikmətamiz fikirlərinin qaynaqları, əsas ideya istiqamətləri araşdırılmışdır ki, bütün bunlar müəyyən mənada elmi dəyərə malik bir tədqiqat işinin hasil olması ilə nəticələnmişdir.
Kitab fəlsəfə, şərqşünaslıq, ilahiyyat problemlərinin tədqiqi ilə məşğul olan mütəxəssislər və həmin məsələlərlə maraqlanan geniş oxucu  kütləsi üçün nəzərdə tutulmuşdur.