Şərqşünaslıq İnstitutunda Müasir şərqşünaslığın aktual problemlərimövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı

İyunun 1-də AMEA  akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı.
AMEA Rəyasət Heyətinin konfrans zalında keçirilən açılış mərasimini giriş sözü ilə açan AMEA  ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, ötən il Şərqşünaslıq İnstitutu və Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutu arasında elmi əməkdaşlığa dair saziş imzalanıb. Bu əməkdaşlığın ilk addımı kimi də ötən il Rumıniyanın Kluj-Naboka şəhərində hər iki institutun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirildi. Hazırda isə ikinci belə tədbir Bakıda keçirilir. Son aylarda  Yaxın Şərqdə baş verən hadisələri xatırladan Gövhər xanım, bu prosesləri, eləcə də digər Şərq ölkələrinin həyatında baş verənləri nəzərdən keçirməyin, onlara qiymət verməyin şərqşünasların borcu olduğunu söylədi.
Azərbaycanda hələ orta əsrlərdə böyük alimlərin şərq mədəniyyətini öyrəndiklərini vurğulayan G.Baxşəliyeva, dünyada şərqşünaslıq elminin 19-cu əsrdən inkişafının başlandığını və azərbaycanlı alimlərin bu işdə çox böyük rol oynadıqlarını dedi: Müasir dövrümüzdə bu elmin Azərbaycanda inkişafına AMEA-nın Şərqşünaslıq və Əlyazmaları İnstitutlarının, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin görkəmli alimləri çox böyük töhfələr veriblər. Şərqşünaslıq İnstitutunda bu sahənin həm klassik, həm də müasir dövrü üzrə dəyərli tədqiqatlar aparılır. Türkoloji araşdırmalara çox böyük diqqət yetirilir və bu istiqamətdə Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutu ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin də böyük səmərəsi olacaq.
Daha sonra söz Rumıniyanın Babeş-Bolyai Universitetinin rektoru, professor, doktor Andrey Marqayaverildi. Konfransın iki ölkənin elmi müəssisələri  arasında məhsuldar əməkdaşlığın bir bariz nümunəsi olduğunu söyləyən çıxışçı, bundan böyük şərəf duyduqlarını dilə gətirdi: Şərqşünaslıq elminin incəliklərini duymaq böyük zəhmət tələb edir. Avropada şərqşünaslıq elminin əhatə dairəsi haqqında böyük müzakirələr aparılır və Şərq məfhumuna Atlantik okeanından Sakit okeana qədər əraziləri daxil edirlər.
Şərqi Avropanın, o cümlədən Azərbaycanın mədəniyyətini dünyaya tanıtdırmağın əhəmiyyətindən danışan Andrey Marqa, rəhbərlik etdiyi universitetin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunda bu sahədə aparılan fəaliyyətdən söz açdı. Orta Asiya türk dövlətləri ilə əməkdaşlıqlarından söz açan rumıniyalı alim, Qazaxıstan və Türkmənistanla görülən birgə işlərdən danışdı və bu sahədə Azərbaycanın elm ocaqları ilə əməkdaşlığın xüsusi yerini qeyd edərək, bu işin yaxın gələcəkdə parlaq məhsullarının ortaya çıxacağına inamını bildirdi.
Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, professor, doktorTəhsin Cəmil Bakıda 5 ilinikeçirdiyiniburahərgəlişindəçoxşadolduğunusöylədi: «Özümü azərbaycanlı və bakılı hesab edirəm. Bakıya, azərbaycanlılara könül bağlamışam. Azərbaycanda xoşbəxt oluram. Azərbaycanın tarixini, mədəniyyətini, ruhunu Avropada tanıtmaq bizim üçün məsul bir vəzifədir.
2010-cu ildə rəhbərlik etdiyi institutda Azərbaycanşünaslıq şöbəsi açıldığını deyən Təhsin Cəmil, ölkəsində bu sahəni öyrənən tələbələrin sayının getdikcə artdığını, Azərbaycan mədəniyyətinə, tarixinə böyük maraq olduğunu bildirdi.
Ötən il ilk dəfə Kluj-Nabokada, bu il isə Bakıda keçirilən bu cür konfransların mütəmadi olaraq, bir il Avropada, bir il isə türk dövlətlərinin birində keçirilməsinin planlaşdırıldığını söyləyən T.Cəmil, növbəti konfransın Yunanıstanda və ya Macarıstanda keçiriləcəyi ehtimalını qeyd etdi.
Sonra Tbilisi   Dövlət Universiteti, Arxeologiya kafedrasının professoru, fəlsəfə doktoru Marina Puturidze, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev, YUNESKO-nun Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Şahin Mustafayev, Türkiyənin Nevşehir Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, doktor Ömər Bayram çıxış edərək konfransın əhəmiyyətindən danışdılar və tədbir iştirakçılarına uğurlar arzuladılar. Sonra konfrans öz işini Şərqşünaslıq İnstitutunda «Tarix», «Din tarixi, fəlsəfə və ictimai fikir», «İqtisadiyyat», «Ədəbiyyatşünaslıq» və «Dilçilik»bölmələrində davam etdirdi.
Konfransın işinə iyunun 2-də yekun vurulacaq.