Şərqşünas alimimizin beynəlxalq mükafat

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi və Gənc alimlər şurasının sədri, AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin Humanitar və İctimai Elmlər bölməsinin rəhbəri, fəlsəfə elmləri namizədi Roida Rzayeva Müstəqil Dövlətlər Birliyi üzv ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Humanitar Əməkdaşlıq üzrə Şurasının keçirdiyi “Debütlər birliyi” Beynəlxalq mükafatı uğrunda müsabiqənin laureatı olub.
2008-ci ildən təşkil olunan müsabiqənin reglamentinə əsasən namizədlər Müstəqil Dövlətlər Birliyi ölkələrində keçirilən milli müsabiqə və mükafat qalibləri və ya laureatları, gənc alimlər üçün dövlət təqaüd və qrantlar sahibləri arasından və yaxud milli müsabiqələrdə ən yüksək yerləri tutan 35 yaşına qədər olan iştirakçılardan seçilir. Namizədlər üç nominasiya üzrə müəyyənləşdirilir: “Humanitar və ictimai elmlər”; “Təbiət elmləri”; “Texniki elmlər”. Qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən seçilir.
Bir sıra diplom, fərman və sertifikatların sahibi olan, respublikamızda və xaricdə nəşr olunan 70-dən çox elmi əsərin müəllifi, 1 kitabın həmmüəllifi, bir çox beynəlxalq konfranslarda ölkəmizi layiqincə təmsil etmiş fəlsəfə elmləri namizədi Roida Rzayeva builki müsabiqənin “Humanitar və ictimai elmlər” nominasiyası üzrə laureatı elan edilərək 3-cü mükafata layiq görülüb.
“Debütlər birliyi” müsabiqəsinin qalibləri oktyabrın 14-də Moskva şəhərində  “Müstəqil Dövlətlər Birliyi üzv ölkələrinin Yaradıcı və Elmi Ziyalıların V  Forumu”nda təltif ediliblər. Təqdimat mərasimi iki gün davam edən forumun ilk günündə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) konfrans zalında keşirilib. Mükafatları Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenko təqdim edib. Tədbirdə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev də iştirak edirdi.