Gövhər Baxşəliyeva: «Ərəb aləmində baş verən siyasi təlatümlərin Azərbaycana təsiri mümkün deyil»

Sonaylarərəbaləmindəbaşverənhadisələrhamınınarahatedir. Hadisələringözlənilməzgedişihərkəsdəmüəyyənsuallardoğurur. Buregiondabaşverəninqilablarınsəbəbləriniizahetməsi, onlarınxüsusiyyətlərindəndanışması, digərölkələrətəsiriehtimallarınamünasibətbildirməsiüçünərəbşünasmütəxəssis, millətvəkili, AMEAakademikZiyaBünyadovadınaŞərqşünaslıqİnstitutunundirektoru, filologiyaelmləridoktoru, professorGövhərBaxşəliyevayamüraciətetdik. GövhərxanımYaxınOrtaŞərqdəkisonhadisələribeləşərhetdi:

    - Ərəb aləmində son hadisələrlə əlaqədar ictimaiyyət tərəfindən bir çox suallar səsləndirilir: Ərəb ölkələrində bu hadisələrə nə səbəb oldu? Bunlar gözənilən idimi, yaxud gözlənilmədən baş verdi? Bu inqilabları təşkil edən qüvvələr var idimi? Regionda bu hadisələrdən sonra qüvvələrin tənasübü necə dəyişdi? Niyə Qərbin və Amerikanın bu hadisələrə reaksiyası bir qədər ləng oldu və bu inqilablardan sonra ərəb aləmində, ümumiyyətlə, Yaxın və Orta Şərqdə ictimai-siyasi vəziyyət necə olacaq?
Mən hesab edirəm ki, Yaxın və Orta Şərqdə baş verən hadisələrə ilk növbədə ərəbşünaslar, regionu yaxından tanıyan mütəxəssislər qiymət verməlidirlər. Ümumiyyətlə, ərəb ölkələrində olmadan, bu xalqın yaşayış səviyyəsini görmədən, psixologiyasını yaxından bilmədən, orada son vaxtlar cəmiyyətin içində baş verən hadisələri müşahidə etmədən kənardan hər hansısa dəyərləndirmə düzgün hesab oluna bilməz.
Bu regionda baş verən hadisələri mən ilk növbədə klassik ictimai-sosial etiraz aksiyası kimi qiymətləndirərdim. Nəzərə almaq lazımdır ki, bu sosial etiraz hərəkatları hansı dövrdə baş verib - məhz informasiya texnologiyaları dövründə.
Ayrı-ayrı ərəb ölkələrində bu etiraz hərəkatlarının yaranma səbəbləri müxtəlifdir və onların hər birinin öz zəmini var. Ancaq onları ümumiləşdirsək, müxtəlif ərəb ölkələrində bu hərəkatları, ilk növbədə, gündəlik yaşayış səviyyəsində yaranmış katostrofik vəziyyətin birləşdirdiyini görərik: qida məhsullarına qiymətlərin kəskin artması, kütləvi işsizlik, xüsusən də bu halın gənclər arasında geniş yayılması. Məsələn, Tunisdə işsizlik 30 faizə çatırdı, Misirdə 43 faizə, Liviyada 30 faizdən çox idi və bu hadisələrin hamısı eyni zamanda hakim rejimin ifrat korrupsiyası ilə müşayiət olunurdu. Məhz bu səbəblər kütləvi ictimai etirazların yaranmasında çox böyük rol oynadı.
Bütün bu hadisələrin digər ümumi xüsusiyyəti ondadır ki, burada əsas rolu cavanlar oynadı. Müsəlman aləminin siyasi arenasında artıq yeni bir nəsil yaranıb. Bu nəsil yaxşı təhsil alıb, siyasi liderlərsiz və siyasi partiyalarsız özləri özlərini yaxşı təşkil edə bilirlər. Bu, ictimai-siyasi həyatda tamamilə yeni bir haldır.
 Son vaxtlar bu ərəb ölkələrində iqtisadi vəziyyət qlobal iqtisadi böhranla əlaqədar çox kəskin pisləşmişdi. Bu iqtisadi böhran həmin  ölkələrdə həyatın bütün sahələrinə təsir etmişdi və bu da öz rolunu oynamışdı. Nəticədə regionda çoxdan mövcud olan ictimai və siyasi problemlərin də daha da kəskinləşməsi müşahidə olunurdu. Bu problemlər  çoxdan var idi, çoxdan yetişmişdi və hansısa formada öz həllini tapmalı idi.
Tez-tez bəzi analitiklər tərəfindən belə bir fikir səsləndirilir ki, bu hadisələr Amerikanın çoxdan hazırladığı ssenarilər üzrə həyata keçdi. Mən bu fikirlə razı deyiləm. Bütün dünya müşahidə etdi ki, bu hadisələr baş verəndən sonra həm Amerika, həm Avropa bir növ özlərini itirmişdilər. Onlar bu hadisələrin belə tezliklə baş verəcəyini gözləmirdilər və ilk həftələrdə hər hansı bir münasibət bildirə bilmədilər. Hətta Amerikanın Hüsnü Mübarəkə qarşı münasibəti üç dəfə dəyişdi. Onlar bilmirdilər ki, kimi dəstəkləsinlər - Hüsnü Mübarəki, yoxsa, etirazçıları? Yalnız hadisələrin son mərhələsində artıq bəlli olanda ki, Hüsnü Mübarək mütləq getməlidir, Amerika və Qərb ölkələri başladılar etirazçıları dəstəkləməyə.
Artıq hadisələr baş verəndən sonra, həm Amerika, həm Qərbi Avropa ölkələri, həm də dünyanın digər aparıcı ölkələri çalışdılar ki, ərəb aləmində yaranmış vəziyyəti öz mənafelərinə uyğun istiqamətə yönəltsinlər. Onlar çalışırlar ki, bu ölkələrdə iqtidara yeni gələnlər həm Amerikaya, həm Qərbə loyal münasibət bəsləyən insanlar olsun.
Vaxtilə Ənvər Sadat İsraillə separat danışıqlara getdiyinə görə terrora məruz qalmışdı. Ondan sonra 30 ildən çoxdur ki, Hüsnü Mübarək Misir cəmiyyətində bütün etiraz səslərini boğaraq, müxalifətçiləri,  o cümlədən müsəlman qardaşlarını kəskin repressiyaya uğradaraq, həm İsraillə sülh bağladı, həm də Amerika ilə əməkdaşlıq edir, ildə 2 milyard dollara qədər yardım alaraq dünyəvi bir rejim qurmuşdu. Amma eyni zamanda bu, çox avtoritar rejim idi. Misir Yaxın və Orta Şərq regionunda həm İsraili, həm Amerikanı qane edən bir siyasət aparırdı. Ona görə də inanmıram ki, Amerika onu belə qane edən bir rejimi dəyişməyə çalışsın.

Bəzən belə sual səslənir ki, bu hadisələr ərəb aləmində gözlənilən idi, yaxud yox? Ərəb aləmində, ümumiyyətlə, ictimai partlayış gözlənilirdi, amma indiki şəkildə deyil, tamam başqa istiqamətdə. Etirazların İsrailə qarşı olması gözlənilirdi. Ənənəvi ərəb cəmiyyətində ərəb birliyi, ərəb millətçiliyi ideyası çox güclüdür. Ona görə bütün sadə xalq, geniş kütlələr Fələstini dəstəkləyir. Hansı ölkədə ki, iqtidar Fələstini dəstəkləyir, onun mənafeyini müdafiə edirdi, orada etiraz aksiyaları o qədər də güclü olmadı. Məsələn, Suriyada. Halbuki Suriyada çox sərt avtoritar rejim mövcuddur. Bununla belə, əhali Suriyada etiraza çıxmadı. Çünki Bəşər Əsəd anti-İsrail, anti-Amerika siyasəti aparır.  Bu da, görünür, əhalini qane edir. İqtidarı həm İsraillə, həm Amerika ilə əməkdaşlığa gedən ölkələrdə isə əhali kəskin etirazlara hazır idi və ictimai partlayış da bu istiqamətdə gözlənirdi. Amma tamamilə başqa istiqamətdə etiraz aksiyaları başladı.

Liviyada hadisələr ən arzuolunmaz istiqamətdə inkişaf etdi. Etiraz aksiyaları son nəticədə iqtidarla etirazçılar arasında vətəndaş müharibəsinin başlanmasına gətirib çıxardı. Onu da nəzərə almaq lazımdır ki, ərəb ölkələrində bu proses hələ bitməyib. Yəməndə, Mərakeşdə və digər ərəb ölkələrində etiraz aksiyalarının nə ilə nəticələnəcəyi bilinmir. Elə Misirdə və Tunisdə iqtidar dəyişsə də, bu ölkələrdə də siyasi proses özü bitməyib. Yeni seçkilər elan olunub. Bu seçkilər nəticəsində tamamilə yeni qüvvələrin, yeni liderlərin səhnəyə çıxması mümkündür. Ona görə də hadisələri tam dəqiqliklə qiymətləndirmək üçün nəticədə kimlərin hakimiyyətə gələcəyini gözləmək lazımdır.
Bəzən sual olunur ki, belə hadisələr digər ölkələrdə təkrarlana bilərmi? Belə hadisələrin istər Yaxın və Orta Şərqdə, istər digər regionlara daxil olan ölkələrdə təkrarlanmaması üçün ölkələrə rəhbərlik edən insanlar tərəfindən sosial və iqtisadi risklər azaldılmalı, siyasi həyat daha da liberallaşdırılmalı, həmin ölkələrdə real müxalifətin fəaliyyətinə imkan verilməlidir. Məsələn, Əlcəzairin prezidenti Əbdüləziz Buteflika orada da etiraz aksiyaları başlayan kimi ölkədə artıq 19 il mövcud olan hərbi rejimi ləğv etdi və televiziya efirini müxalifət nümayəndələrinin üzünə açdı. Müxalifət televiziya vasitəsilə xalqla ünsiyyət qurdu və bununla da etiraz aksiyaları sakitləşdi.
İordaniyada da çox güclü etiraz aksiyaları başlamışdı. Lakin kral Abdullah çox düzgün addım atdı. O, nazirlər kabinetini buraxdı, yeni kabinet təşkil etdi və bu kabinetdə 6 nazir kürsüsünü müxalifətçilərə verdi. O cümlədən dini işlər üzrə nazirliyi islamçıların liderinə tapşırdı.
Nəzərə almaq lazımdır ki, qərb ölkələrində kütləvi etiraz aksiyaları heç vaxt rejimin devrilməsinə gətirmir, çünki orada siyasi həyatda iqtidarın dəyişdirilməsi proseduru artıq öz yerini tutub və müxalifətin açıq imkanları var ki, öz fikirlərini, ideyalarını xalqa çatdırsın və ədalətli seçkilər vasitəsilə iqtidara gəlsin. Ona görə bu cür təlatümlər əsl demokratiya olan ölkələrdə baş vermir.
Ərəb aləmindəki hadisələrin İrana keçə bilməsi, siyasi rejimin süquta uğraya bilməsi ehtimalı da çoxlarını düşündürür. Hesab edirəm ki, bu hadisələrin İrana dərin təsiri olmamalıdır. Nəzərə alınmalıdır ki, ərəb ölkələrində etirazlar əsasən hakim rejimə, korrupsiyalaşmış iqtidara, konkret insanlara qarşı həyata keçirilirdi, İranda isə etiraz aksiyaları bir qədər başqa xarakter daşıyır. Burada etirazlar bütövlükdə islam rejiminə qarşı, rejimin modernləşməsi istiqamətindədir.  Bu isə o deməkdir ki, İranda bütövlükdə rejimin dəyişdirilməsinə çalışılır. Bu, bir qədər çətin bir prosesdir. Çünki islamçılar, dini rəhbərdən başlayaraq ölkədə hər hansı bir məscidin mollalarına qədər, öz iqtidarlarından könüllü heç vaxt əl çəkməyəcəklər. Düşünürəm ki, İranda islahatçılarla mühafizəkarların qarşıdurması hələ çox sürəcək.
Onu da nəzərə almaq lazımdır ki, İranda hazırkı etiraz aksiyalarını güney azərbaycanlılar dəstəkləmirlər. Çünki islahatçıların proqramlarında, xalqa təklif etdikləri şüarlarda milli azlıqların mənafeləri heç cür nəzərə alınmayıb. Nə qədər ki, bu istiqamət davam edəcək, nə qədər ki, milli azlıqların, Azərbaycan türklərinin mənafeyi etirazçılar tərəfindən nəzərə alınmayacaq,  bu etiraz aksiyaları o qədər də uğur qazana bilməyəcək. 
Ərəb aləmində baş verən siyasi təlatümlərin Azərbaycana təsirinə gəldikdə, hesab edirəm ki, bu mümkün deyil. Ərəb ölkələrində baş verən hadisələrin digər ölkələrə, o cümlədən Azərbaycana avtomatik şamil edilməsi qətiyyən düzgün deyil. Belə ki, hər ölkədə ictimai-siyasi həyatın öz spesifikası, öz problemləri və ziddiyyətləri var və bu ziddiyyətlərin də öz həlli mexanizmləri mövcuddur. Azərbaycanda Prezident İlham Əliyevin yürütdüyü və əhalinin böyük əksəriyyəti tərəfindən dəstəklənən siyasət, aparılan iqtisadi, siyasi  və hüquqi islahatlar qarşıya çıxan hər hansı problemlərin tezliklə həllinə şərait yaradır.