Şərqşünaslıq İnstitutu müstəqillik illərində

Oktyabrın 17-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda «Müstəqillik illərində Azərbaycan elminin inkişafı» mövzusunda elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor, Gövhər Baxşəliyeva Azərbaycanın müstəqilliyinin 20 ili ərzində keçdiyi böyük inkişaf yolundan, bütövlükdə elmimizin, o cümlədən şərqşünaslıq elminin əldə etdiyi nailiyyətlərdən söz açdı.
G.Baxşəliyeva ilk növbədə Azərbaycanın 20 il öncə yenidən müstəqilliyini əldə etdiyi dövrə nəzər saldı. Sovet İttifaqının süqutunun tarixi zərurət olduğunu qeyd edən Gövhər xanım, bu hadisənin qanunauyğun, obyektiv tarixi proseslərin nəticəsində baş verdiyini söylədi: «Sovet imperiyasına daxil olan 15 respublikadan əksəriyyəti müstəqillik arzusu ilə yaşayırdı. Lakin sovet hakimiyyətinin rəhbərliyindən narazı xalqların etirazlarının qarşısı zor gücünə alınır, müstəqil düşüncəli insanların səsləri boğulurdu. O vaxtkı şəraitdə bu istiqamətdə mübarizə aparmaq çox çətin idi. Lakin dövlətin bu cür idarə edilməsi çox uzun müddət davam edə bilməzdi. SSRİ rəhbərliyində baş verən hadisələr ölkənin süqutunu sürətləndirdi ki, bunun da nəticəsində dağılan imperiyaya daxil respublikalar müstəqillik əldə etdilər».
G.Baxşəliyeva Azərbaycanın bu prosesi keçmiş Sovet respublikalarından fərqli olaraq, daha ağır, daha çox itki ilə başa vurduğunu qeyd etdi, müstəqilliyin ilk illərinin çətinliklərindən danışdı: «Bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan insanların daxili və xarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi sınaq qarşısında qoydu. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq, indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi ümummilli lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət – Heydər Əliyev şəxsiyyəti var idi. Ulu öndər müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq onu, öz təbirincə desək, dönməz və əbədi etdi».
Gövhər Baxşəliyeva Heydər Əliyevin ölkənin inkişafının əsasını qoyduğunu söyləyərək, ulu öndərin layiqli davamçısı İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi dövründə əldə olunan nailiyyətlərin, iqtisadi uğurların Azərbaycanı həyatın müxtəlif sferalarında dünya miqyasında aparıcı mövqelərə çıxartdığını qeyd etdi: «Məhz möhtərəm Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti sayəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə ən yüksək yeri tutdu, bütün dünyanı iqtisadi böhran bürüdüyü bir dövrdə həmin böhranı, demək olar ki, hiss etmədən adladı və iqtisadi inkişafını davam etdirdi».
Gövhər xanım daha sonra ulu öndərin və Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, Azərbaycanda elmin inkişafında göstərdikləri müstəsna xidmətlərindən də söz açdı: «Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından və Elmlər Akademiyası üzvləri ilə, elmi ictimaiyyətlə tarixi görüşündən və bu görüş nəticəsində atdığı addımlardan sonra Elmlər Akademiyası sistemində mövcud olmuş dərin böhran, tənəzzül, hətta iflas proseslərinin qarşısı alındı və ölkənin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da sabitlik yarandı. Elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirildi. Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi. Bu tarixi fərman ölkədə fundamental elmin nailiyyətlərini, Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqlədi. Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atdı. Ötən illərdə ölkəmizdə alimlərin məvacibləri dəfələrlə artırılıb. Xüsusən də dövlət başçısının 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60-illiyi ilə əlaqədar imzaladığı sərəncamlarla görkəmli alimlərimizə yüksək dövlət mükafatları, elmi adlar, prezident təqaüdü və mənzillər verilməsini qeyd etmək gərəkdir. Ötən illər ərzində elmin inkişafına yönəldilən xərclər təxminən 7 dəfə artıb. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə diqqət ilbəil artırılır. Bu il Prezidentimizin AMEA-nın illik hesabat yığıncağındakı iştirakı da elmə dövlət tərəfindən yüksək diqqət və qayğının nümunəsidir. Dövlət başçısının həmin tədbirdə söylədiyi nitqdə Azərbaycan elminə yüksək qiymət verilir, görülən işlərin çox uğurlu və təqdirəlayiq olduğu bildirilir, Azərbaycan elminin gələcəyinə böyük inam bəslənilir.
Azərbaycan elminin müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən söz açan Gövhər xanım, Şərqşünaslıq İnstitutunun da əldə etdiyi uğurlarla öncüllər sırasında olduğunu, xüsusən də elmimizin dünyaya inteqrasiyası baxımından fəallığı və məhsuldarlığı ilə seçildiyini vurğuladı: «Müstəqillik illərində Şərqşünaslıq İnstitutu əməkdaşlarının nəşr olunmuş 245 kitabından 17-si, 2700 elmi məqaləsindən 365-i xarici ölkələrdə işıq üzü görüb. Keçirilmiş 28 konfransdan 15-i beynəlxalq miqyaslıdır və bu sırada xaricdə təşkil etdiyimiz birgə konfranslar da var. Bunlardan müxtəlif illərdə Bakıda Hollandiyanın Utrext Universiteti ilə birgə keçirdiyimiz «Azərbaycan və qonşu ölkələrdə XX əsrin əvvəllərində ictimai-siyasi fikir və ideoloji reallıqlar» mövzusunda, UNESCO ilə birgə təşkil etdiyimiz Mirzə Kazım bəyin 200 illiyinə həsr olunmuş beynəlxalq konfransları, «Heydər Əliyev və Şərq», «Yaxın və Orta Şərq: dünəni, bu günü və sabah», «Şərq xalqlarının Bakı qurultayı-1920: tarix və reallıqlar» və s. mövzularda, həmçinin Türkiyə Respublikasının 75 illiyinə, Osmanlı dövlətinin yaranmasının 700 illiyinə, böyük İran şairləri Hafiz Şirazi və Sədi Şiraziyə, İranda Məşrutə inqilabının 100 illiyinə, Şeyx Məhəmməd Xiyabani hərəkatının 90 illiyinə həsr olunmuş beynəlxalq konfransları qeyd etmək olar. Son zamanlar Rumıniyanın Babeş Bolya Universiteti ilə sıx əlaqələr qurulub və bu Universitetin Türkologiya və Mərkəzi Asiya Tədqiqatları İnstitutu ilə birgə ötən il Rumıniyanın Kluj-Napoka şəhərində «Şərq və Qərb arasında dialoq», bu il isə Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfranslar uğurla keçirilib. Bizim həmçinin təşkil etdiyimiz 51 seminardan 8-i, 34 simpoziumdan 11-i də beynəlxalqdır. Bu illər ərzində Şərqşünaslıq İnstitutunun əməkdaşlarının xaricdə iştirak etdiyi tədbirlər sırasında 317 konfrans, 47 seminar, 121 simpozium var. Alimlərimiz indiyədək 14 qrant alıb. Ötən 20 ildə Şərqşünaslıq İnstitutunda 8 doktorluq və 66 namizədlik dissertasoyası müdafiə edilib.
İnstitutumuzun hazırda Türkiyə, Almaniya, Hollandiya, Rumıniya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası və s. ölkələrin universitet və elmi mərkəzləri, habelə Türk Tarix Qurumu ilə sıx elmi əlaqələri var. Onlarla ikitərəfli elmi əməkdaşlıq haqqında müqavilələr imzalanıb, şərqşünas alimlərin daha səmərəli elmi fəaliyyətlə məşğul olması təmin edilib. Həmçinin institut UNESCO-nun dəstəyi ilə fəaliyyət göstərən Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun Azərbaycan üzrə əlaqələndiricisidir».
Daha sonra Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi «Müstəqillik illərində Şərqşünaslıq İnstitutunun fəaliyyəti» mövzusunda məruzə etdi.
M.Məhəmmədi məruzəsində müstəqillik dönəmində Şərqşünaslıq İnstitutunun araşdırmaların problematikası baxımından ciddi transformasiya mərhələsi yaşadığını qeyd edərək, vurğuladı ki, bu prosesi izləyərkən müstəqilliyin ilk növbədə Azərbaycan şərqşünaslığını ideoloji basqılardan azad etməsini, tədqiqatların milli strateji çərçivədə qurulmasına şərait yaratdığını müşahidə etmək olur. Bu illərdə aparılan tədqiqatların mərkəzində Azərbaycan xalqının mədəniyyəti, tarixi, düşüncəsi dayanır.
Məruzəçi müstəqilliyin eyni zamanda alimlərimizin xarici ölkələrə, beynəlxalq aləmə bilavasitə çıxışına imkan yaratdığını qeyd etdi: «Sovet dövründə xarici elmi əlaqələr çox məhdud çərçivədə, ciddi nəzarətdə idi. Hər hansı alimin beynəlxalq tədbirdə iştirakı bir neçə mərhələli nəzarətdən sonra baş tuturdu. Bu da əsasən əməkdaşların Şərq ölkələrinə mütərcim kimi dəvət olunması ilə məhdudlaşırdı. Müstəqillik nəticəsində nəinki nüfuzlu, sözünü demiş alimlərimiz, eyni zamanda gənc kadrlar da xaricdəki həmkarları ilə elmi əlaqələr qurmaq imkanı əldə etdi ki, bu da Azərbaycan elminin dünyaya inteqrasiyası üçün geniş perspektivlər açdı».
M.Məhəmmədi müstəqilliyin ənənəvi istiqamətlərlə yanaşı, yeni istiqamətlərə də yol açdığını qeyd etdi: «Əgər əvvəllər tədqiqatlar İran, Türkiyə və ərəb ölkələri ilə məhdudlaşırdısa, müstəqillik dövründə Azərbaycanın geosiyasi mövqeyindən doğan bir sıra yeni sahələr tədqiqata daxil edildi». Məruzəçi bunun təsdiqi olaraq, 1993-ci ildə Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən şöbələrin sayının 7, 2000-ci ildə 9, hazırda isə 11 olduğunu qeyd etdi. M.Məhəmmədi Şərqşünaslıq İnstitutunun fəaliyyətinin inkişaf dinamikasını çap olunan kitabların timsalında da göstərdi: Əgər 1994-cü ildə institutun çap vəsaiti aşağı poliqrafik səviyyədə cəmi 3 kitabın nəşrinə imkan vermişdisə, bu gün il ərzində yüksək poliqrafik səviyyədə bundan 10 dəfə artıq kitabın çapına imkan var. Məruzədə institutun texniki imkanlarının artması ilə bağlı misallar çəkildi.
M.Məhəmmədi Şərqşünaslıq İnstitutunun beynəlxalq əlaqələrindən söz açaraq, alimlərimizin kitablarının xarici elmi mərkəzlərin diqqətini cəlb edərək, bir çox ölkələrdə yenidən nəşr olunmasını da vurğuladı. Bu sırada akademik Ziya Bünyadovun «Xarəzmşahlar tarixi» kitabının Özbəkistanda, Cəmilə Sadıqova və Təyyibə Ələsgərovanın «Fars dilini tədqiq edən Azərbaycan alimləri» kitabının İranda, Vidadi Müstafayevin «Cənubi Azərbaycanda milli şüur» kitabının Almaniyada, Əkrəm Rəhimlinin «Güney Azərbaycanda milli-demokratik hərəkat» kitabının Kanadada çap olunmasını misal çəkdi.
M.Məhəmmədi Şərqşünaslıq İnstitutunda həm klassik şərqşünaslıq sahəsində, həm də müasir metodoloji prinsiplərin tədbiqi ilə tam fərqli nailiyyətlərin əldə olunmasına şərait yarandığını qeyd edərək, klassik elmdə - mətnşünaslıq, mənbəşünaslıq sahəsində Əbdülkərim Əlizadə, Ziya Bünyadov, Həmid Araslı ənənələrinin davam etdirildiyini bildirdi və buna misal olaraq,  müstəqilik dövründə Osmanlı arxivlərindəki dəftərlərin mütəxəssislər tərəfindən öyrənilməsini, bu sıradan Naxçıvan, İrəvan Qarabağ, Tiflis, Ərdəbil dəftərlərinin işıq üzü görməsini misal çəkdi, eyni zamanda Gövhər Baxşəliyevanın təqdimatında Əbülfərəc İsfəhanininin «Nəğmələr kitabı», Rüstəm Əliyevin təqdim etdiyi «Munisnamə», Cəmilə Sadıqova və Təyyibə Əliyevanın təqdimatında Hüsaməddin Xoyinin «Töhfeyi-Hüsam» əsərlərini, Mehdi Kazımovun şərhlərlə təqdim etdiyi sufi fikrinə aid bir neçə mənbəni qeyd etdi. M.Məhəmmədi, həmçinin institutda filololoji araşdırmalarda ayrı-ayrı ölkələrlə ədəbi əlaqələrə geniş fikir verildiyini, bu sahədə Gövhər Baxşəliyevanın «Əbülfərəc İsfəhani və klassik Azərbaycan ədəbiyyatı», Aydın Abiyevin «Füzuli və Türkiyə poeziyası», Tahir Məhərrəmovun «Əşrəf Marağayi», Vilayət Cəfərovun «Qürbətdə yaranan dostluq», Xalidə Quliyeva-Qafqazlının «Dədə Qorqud mövzusu Türkiyə ədəbiyyatşünaslığında», Şəfəq Əlibəylinin «Füzulinin fars divanının linqvistik poetikası» kimi onlarla əsərin işıq üzü görməsini qeyd etdi. Həmçinin dilçilik sahəsində son illərdə istər klassik lüğətlərin, istər müxtəlif tərcümə lüğətlərinin hazırlanması qeyd edildi və bu sahədə ərəb filologiyası üzrə mütəxəssislər Laura Orucova, Zemfira Rüstəmova və Çimnaz Mirzəzadənin hazırladıqları lüğətlər vurğulandı.
Məruzədə qonşu Şərq ölkələrində tarixi-ictimai proseslərin də öyrənilməsinə diqqətin artdığı, müstəqilik illərində İslamın araşdırılması sahəsində çox səmərəli işlər görüldüyü nəzərə çatdırıldı. Bu qəbildən mərhum Abutalıb Məmmədovun, Ramiz Mürsəlovun İslam fundamentalizmi, Esmeralda Həsənovanın İslamın Türkiyədə rolu haqqında əsərləri qeyd edildi.
M.Məhəmmədi müstəqillik dövründə yaradılan yeni şöbələrdən birinin də Şərq-Qərb əlaqələrinin, sivilizasiyalarının müqayisəli şəkildə araşdırılması ilə məşğul olduğunu bildirdi. Məruzəçi bu dövrdə görülən ən mühüm işlər sırasında Cənubi Azərbaycanda siyasi-ictimai və mədəni proseslərin tədqiqini aparan şöbənin bərpa olunmasını göstərdi, Vidadi Müstafayevin, Əkrəm Rəhimlinin Cənubi Azərbaycan tarixi ilə bağlı müxtəlif aspektli tədqiqatlarının elmi əhəmiyyətindən söz açdı.
Yeni şəraitdə əksini tapan istiqamətlərdən birinin də müasir xarici alimlərin tədqiqatlarının, Şərq şair və yazıçılarının nəsr və nəzm nümunələrinin tərcüməsi olduğu bildirildi və buna misal olaraq, Bartoldun «Müsəlman dünyası tarixində Xəzəryanı vilayətlərin rolu», Müdərris Rəzəvinin «Nəsirəddin Tusinin həyatı və əsərləri», enyi zamanda Səməd Sərdariniyanın, Tohid Məlikzadənin, Haldun Tanerin, Söhrab Sepehrinin və digərlərinin kitabları qeyd olundu.
M.Məhəmmədi son illər institutda nəşr olunan elmi və elmi-kütləvi nəşrləri də qeyd edərək, «Elmi araşdırmalar», «Şərq filologiyası məsələləri», «Azərbaycan Şərqşünaslığı» kimi jurnalların elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını söylədi
Şərqşünaslıq İnstitutunun görüdyü işlər arasında institutun yaranmasında və fəaliyyətində müstəsna xidmətləri olmuş alimlərimizin – Ziya Bünyadovun, Aida İmanquliyevanın, Rüstəm Əliyevin biblioqrafiyalarının hazırlanması, xatirə kitablarının çap olunması, onlara həsr olunmuş tədbirlərin keçirilməsi fəaliyyət istiqamətlərindən biri kimi göstərildi. İnstitutun elmi fəaliyyətini əks etdirən bukletin 2005-ci ildə işıq üzü görməsi də diqqətə çatdırıldı.
Məruzədə həmçinin gənc alimlərimizin çox yüksək səviyyəli tədqiqatlarının meydana çıxdığı, bütün bunların şərqşünaslıq elmimizin gələcəyi barədə nikbin düşünməyə əsas verdiyi vurğulandı.
Sonra Şərqşünaslıq İnstitutunun aparıcı əməkdaşlarının məruzə ətrafında çıxışları oldu. “Din və ictimai fikir tarixi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova Azərbaycanın müstəqillik əldə etdiyi şəraitdən danışaraq, ölkəmizin uğurlarında ulu öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində xidmətlərinin böyük əhəmiyyətini qeyd etdi. E.Həsənova suverenliyin hakimiyyətin xalqa aidliyi demək olduğunu söyləyərək, Azərbaycanın müstəqilliyini bu baxımdan xarakterizə etdi. O, eyni zamanda rəhbərlik etdiyi şöbənin müstəqillik illərində fəaliyyətindən danışaraq, İslam elmi ilə bağlı tədqiqatlarda əldə olunan nailiyyətləri dilə gətirdi.
Tədbirdə həmçinin «Ərəb filologiyası» şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov, «Yazılı abidələrin tədqiqi və nəşri» şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazımov, «Cənubi Azərbaycan tarixi» şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, institutun həmkarlar təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Soltanəli Mirzəzadə çıxış edərək, müstəqilliyin böyük nemət olduğunu və onu hər vəchlə qoruyub möhkəmləndirməyin vacibliyi qeyd etdilər.
Sonda Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva elmi sessiyaya yekun vuraraq, ümummilli lider Heydər Əliyevin «Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır» kəlamını xatırlatdı.

Vüqar MƏMMƏDOV,
filologiya üzrə fəlsəfə doktoru