Şərqşünaslıq İnstitutunda «Yaxın Orta Şərq regionu son hadisələr işığında» mövzusunda elmi sessiya keçirildi

Mart ayının 16-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda «Yaxın və Orta Şərq regionu son hadisələr işığında» mövzusunda elmi sessiya keçirildi. Tədbiri açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva son zamanlar Yaxın Şərqdə baş verən hadisələrdən danışdı və onların tək regionda yox, bütün dünyada yaratdığı əks-sədadan söz açdı. Tunis, Misir, Liviya, Yəmən, Bəhreyn, Mərakeş, İordaniya və s. region ölkələrində baş verən hadisələrin gözlənilməz istiqamətdə cərəyan etdiyini söyləyən G.Baxşəliyeva, hətta mütəxəssislərin Səudiyyə Ərəbistanına onların hər hansı təsirini öncədən istisna etdiklərini və yanıldıqlarını bildirdi. G.Baxşəliyeva dedi: “Ərəb ölkələrində baş vermiş inqilablar Yaxın və Orta Şərqin siyasi xəritəsini dəyişdi. Region ölkələrinin ictimai-siyasi həyatında mühüm dəyişikliklər baş verdi. Eyni zamanda bu hadisələr dünya birliyi qarşısında bir sıra mürəkkəb suallar qoydu: Bu hadisələrin səbəbi nədir? Onları təşkil edən qüvvələr var idimi? Hadisələrdən sonra regionda qüvvələrin tənasübü necə olacaq? Siyasi struktur necə olacaq? Nə üçün Amerikanın və Qərbin bu hadisələrə reaksiyası dərhal tam müəyyən olmadı? Yeni yaranmış Şərq necə olacaq? Regionun digər ölkələrinə bu hadisələr necə təsir edəcək? Onların İrana təsiri varmı? Bu hadisələr Türkiyədə necə əks olunacaq?”.
Gövhər xanım hazırkı elmi sessiyanın da qoyulan bütün bu suallara şərqşünas alimlərimizin müəyyən dərəcədə cavab verməsi, məsələlərə öz münasibətlərini, mütəxəssis kimi rəylərini bildirməsi məqsədi ilə keçirildiyini dedi.
G.Baxşəliyeva həmçinin Yaxın və Orta Şərqdə son zamanlar baş qaldıran siyasi gərginliyinin Azərbaycana təsirinin mümkünsüzlüyündən danışdı. Vurğulandı ki, Ərəb ölkələrində baş verən hadisələrin digər ölkələrə, o cümlədən Azərbaycana avtomatik şamil edilməsi qətiyyən düzgün deyil. Belə ki, hər ölkədə ictimai-siyasi həyatın öz spesifikası, öz problemləri və ziddiyyətləri var və bu ziddiyyətlərin də öz həlli mexanizmləri mövcuddur. Azərbaycanda Prezident İlham Əliyevin yürütdüyü və bütün xalqımız tərəfindən dəstəklənən siyasət, aparılan iqtisadi, siyasi  və hüquqi islahatlar qarşıya çıxan hər hansı problemlərin tezliklə həllinə şərait yaradır.
Şərqşünaslıq İnstitutunun «Şərq və Qərb» şöbəsinin müdiri, fəlsəfə elmləri namizədi Anar Əzimov «Ərəb ölkələrində son vaxtlar baş verən siyasi hadisələrin siyasi-metodoloji təhlili» mövzusunda məruzə etdi. Daha sonra institutun «İran tarixi və iqtisadiyyatı» şöbəsinin müdiri, tarix elmləri namizədi Vidadi Mustafayev «Yaxın Şərqdə son hadisələr və İran» mövzusunda məruzə etdi, «Din və ictimai fikir» şöbəsinin müdiri, fəlsəfə elmləri namizədi Esmeralda Həsənova bu hadisələrin baş vermə səbəblərini təhlil etdi, onların Türkiyədə əks-sədasından söz açdı, institutun elmi işçisi Bəhlul Nuri «Liviya böhranı və xaos təhlükəsi» mövzusunda çıxış etdi.
Sonda məruzələr ətrafında müzakirələr aparıldı.