Fələstin səfiri Şərqşünaslıq İnstitutunda oldu

Oktyabrın 12-də Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüb.
Gövhər xanım Fələstin səfirinə Şərqşünaslıq İnstitutunda ərəbşünaslıqla bağlı görülən işlər barədə məlumat verib, İnstitutun «Ərəb filologiyası», «Ərəb ölkələri tarixi və iqtisadiyyatı», «Din və ictimai fikir tarixi», «Yazılı abidələrin tədqiq və nəşri» və «Şərq - Qərb» şöbələrində bu sahədə tədqiqatların aparıldığını qeyd edib. G.Baxşəliyeva institutda Fələstinlə də bağlı tədqiqatların aparıldığını vurğulayıb, bir dissertantın Nəzər Qabbaninin yaradıcılığını araşdırdığını nəzərə çatdırıb. Gövhər xanım həmçinin özünün vaxtilə Suriya yazıçısı, bir vaxtlar Fələstində könüllü döyüşmüş Əbdülsəlam əl-Hüceylinin əsərlərini tədqiq və tərcümə etdiyini qeyd edib və yazıçının məhz Fələstin xalqına həsr olunmuş hekayələrindən etdiyi tərcümələri də səfirə misal çəkib.
G.Baxşəliyeva Azərbaycan xalqının həmişə Fələstin xalqını dəstəklədiyini bildirərək, xalqlarımızın eyni problemlə üzləşdiyini qeyd edib, bizim torpaqlarımızın da Fələstin torpaqları kimi işğala məruz qaldığını söyləyib.
Naser Abdel Kərim Fələstin xalqının və hökumətinin daim Azərbaycan xalqını haqq mübarizəsində dəstəklədiyini söyləyib. Azərbaycanda onun xalqına olan münasibətdən, Şərqşünaslıq İnstitutunda bu sahədə görülən işlərdən məmnunluğunu bildirən səfir, şəxsən Gövhər xanımın İslam Konfransı Təşkilatı Parlament İttifaqında ümumilikdə İslam xalqlarının mənafeyi naminə gördüyü işlərdən də xəbərdar olduğunu və bütün bunları böyük razılıqla qarşıladığını deyib. O, institutla ölkəsinin elmi müəssisələri arasında əlaqələrin qurulmasına və sıx əməkdaşlığın aparılmasına çalışacağını deyib. Naser Abdel Kərim Azərbaycan və Fələstin arasında dostluq cəmiyyətinin yaradılmasını istədiyini söyləyib.
Sonda Gövhər Baxşəliyeva Naser Abdel Kərimə İnstitutda hazırlanmış ərəbşünaslıqla bağlı bəzi kitabları və jurnalları təqdim edib. Səfir də öz növbəsində yaxın vaxtlarda Şərqşünaslıq İnstitutuna Fələstinlə bağlı kitabları təqdim edəcəyini deyib.