Şərqşünaslıq İnstitutunda professor Aida İmanquliyevanın həyat yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib

Oktyabrın 11-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.
Böyük alimin təvəllüdünün 72-ci ildönümünə həsr edilən tədbiri giriş sözü ilə Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva açıb. Gövhər xanım Aida İmanquliyevanın elmi və təşkilati fəaliyyətindən danışıb. Aida xanımın məhcər ədəbiyyatı sahəsində tədqiqatlarından söz açan Gövhər xanım, böyük alimin tərcümələrinin hər zaman böyük məhəbbətlə qarşılandığını qeyd edib: «Aida İmanquliyeva ərəb ədəbiyyatşünaslığı sahəsində bir məktəb yaratmış alimdir. Aida xanımın o vaxt açdığı elmi cığırlar indi də davam etdirilir. Onun əsərləri bu gün ərəb aləmində geniş yayılıb. Aida xanım əsərlərində öz dövrünü bir neçə onillik qabaqlayaraq, Şərqlə Qərb arasında qarşılıqlı təsiri gözəl əks etdirib. Həmin əsərlərdə o, Şərqlə Qərb arasında əlaqələrin müsbət istiqamətdə getməsinin mümkünlüyünü göstərirdi.
G.Baxşəliyeva Aida İmanquliyevanın pedaqoji fəaliyyətindən də danışıb: «Görkəmli pedaqoq uzun illər Bakı Dövlət Universitetində ərəb ədəbiyyatı fənnindən xüsusi kurs aparıb. Onun bir pedaqoq, elmi rəhbər kimi böyük nüfuzu var idi».
G.Baxşəliyeva Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda «Ərəb filologiyası» şöbəsinə rəhbərliyi dövründə 10-dan çox namizədlik dissertasiyasının müdafiə edildiyini, yüksək ixtisaslı kadrların yetişdirildiyini xüsusi vurğulayıb.
Gövhər xanım Aida xanımın Şərqşünaslıq İnstitutunda direktor müavini, direktor kimi çalışdığı dövrdə dəyərli elmi təşkilatçılıq fəaliyyətindən, görkəmli alimin beynəlxalq elmi konfranslarda Azərbaycan şərqşünaslığını layiqincə təmsil etməsindən danışıb.
Daha sonra çıxışlar olub. Şərqşünaslıq İnstitutunun «Ərəb filologiyası» şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov Aida İmanquliyevanın elmi irsinin təbliğindən söz açıb. V.Cəfərov bu sahədə görülən işlərdən ötən il Aida xanımın «Məqalələr və tərcümələr» toplusunun çap olunmasını xüsusi qeyd edib. Bu topluda Aida İmanquliyevanın ərəb ədəbiyyatına həsr edilmiş azərbaycanca və rusca elmi məqalələri və ərəb ədəbiyyatından etdiyi tərcümələr dərc olunub.
Vilayət müəllim hazırda ərəbşünaslıq sahəsində görülən bir sıra işlərin Aida xanımın əziz xatirəsinə həsr olunduğunu qeyd edib. Bu sırada o, şöbədə hazırlanaraq çap olunmuş dörddilli tibb terminlər lüğətini, A.İmanquliyevanın dissertantı olmuş Fazil Güneyin məhz o vaxt Aida xanımın məsləhəti ilə başladığı iş üzərində uzun illər çalışaraq bu yaxınlarda «Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası» adı altında təqdim etdiyi kitabı və s. misal çəkib.
V.Cəfərov çıxışında həmçinin Aida İmanquliyevanın dünya şərqşünaslıq mərkəzlərində böyük nüfuza malik olmasından danışıb, görkəmli alimlərin Aida xanım haqqında söylədikləri maraqlı fikirləri xatırladıb.
Tədbirdə daha sonra Şərqşünaslıq İnstitutunun «Türk filologiyası» şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xalidə Quliyeva-Qafqazlı professor Aida İmanquliyevanın əsərlərinin Ukraynada nəşrindən danışıb. Nizami adına Ədəbiyyat İnstitutunun «Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr» şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Bəsirə Əzizəliyeva Aida İmanquliyevanın tədqiqatlarında mühacir ərəb yazarlarının əsərlərinin elmi təhlilindən söz açıb. «Azər-News» qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Fazil Abbasov Aida xanım haqqında xatirələrini danışıb.