Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı

Oktyabrın 11-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri, respublikanın qadın ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.
Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək anadan olmasının 72-ci ildönümü qeyd edilən Aida İmanquliyevanın mənalı həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıblar. A.İmanquliyevanın nəinki Azərbaycanın, ümumiyyətlə, dünya şərqşünaslıq elminə verdiyi töhfələrdən söz açılıb, böyük alimim müasir ərəb ədəbiyyatının tədqiqində gördüyü ışlər vurgulanıb.