Azərbaycan Milli Elmlər Akademiyası
Akademik Z.M.Bünyadov adına
ŞƏRQŞÜNASLIQ İNSTİTUTU
EN | RU

 

İNSTİTUTUN TARİXİ

Azərbaycan şərqşünaslığı dərin tarixi köklərə malikdir. Onun təşəkkülü və inkişafı, islam sivilizasiyası, türk dünyası, Yaxın və Orta Şərq ölkələrinin mədəniyyəti ilə sıx əlaqədə olan Azərbaycan mədəniyyətinin tarixi təkamülü ilə bağlıdır.

Böyük Azərbaycan mütəfəkkir və alimləri Bəhmənyar, Xətib Təbrizi, Şəhabəddin Sührəvərdi, Mahmud Şəbüstəri, Nizami Gəncəvi, Məhəmməd ibn Hinduşah Naxçıvani, Seyid Yəhya Bakuvi, Həsən bəy Rumlu, Hacı Zeynalabdin Şirvani və digərləri öz qiymətli əsərləri ilə Şərq xalqlarının tarix, ədəbiyyat, fəlsəfə, coğrafiya və etnoqrafiyasının inkişafına və ümumiyyətlə dünya elminə əvəzsiz töhfələr vermişlər.

XİX yüzildə çoxəsrlik milli mədəniyyətin təməlində və Avropa elminin təsiri ilə Azərbaycanda şərqşünaslığın inkişafına təkan vermiş bir sıra parlaq alim və ədiblər meydana çıxmışdır. Həmin dövrdə yaşamış A.Bakıxanov, M.F.Axundov, Mirzə Kazım bəy, M.C.Topçubaşov kimi mütəfəkkir və alimlərimizin Azərbaycanın elm və mədəniyyətinin inkişafındakı xidmətləri misilsizdir. Eyni zamanda, onların Rusiyada və Avropa ölkələrində şərqşünaslıq elminin təşəkkül və inkişafında mühüm rolu olmuşdur.

Sovet dövründə, 1935 - ci ildə SSRİ EA - nın Azərbaycan filialının, 1954 - cü ildə isə Tarix İnstitutu nəzdində Xarici Şərq ölkələri tarixi şöbəsinin yaradılması ilə Azərbaycanda Şərqin sistemli şəkildə tədqiqi başlandı. Azərbaycan MEA Şərqşünaslıq İnstitutu (1967 - 1984 - cü illərdə Yaxın və Orta Şərq xalqları institutu) 1958 - ci ildə Respublika Nazirlər Sovetinin qərarı ilə EA - nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaradılmışdır. Həmin vaxtdan etibarən Azərbaycan şərqşünaslığının inkişafında keyfiyyətcə yeni dövr başlandı, coğrafi region və əsas tədqiqat istiqamətləri müəyyənləşdi. İnstitutun qarşısında duran başlıca vəzifə Yaxın və Orta Şərq ölkələrinin tarixi, ictimai - siyasi, iqtisadi və mədəni inkişafının qanunauyğunluqlarını və xüsusiyyətlərini tədqiq və təhlil etmək idi. eyni zamanda, Azərbaycanın Yaxın və Orta Şərq ölkələri ilə çoxəsrlik mədəni - tarixi əlaqələrini nəzərə alaraq Respublika üçün konkret tətbiqi əhəmiyyəti olan aktual tədqiqatlara da önəm verilirdi.

İnstitutun yüksək ixtisaslı kadrlarının və elmi potensialının artması nəticəsində tədricən şərqşünaslığın tematikası genişləndi və zənginləşdi. kollektivin səyi əsasən Yaxın və Orta Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai - siyasi fikir və filologiyasının aktual problemlərinin kompleks şəkildə öyrənilməsinə, Şərq xalqlarının yazılı abidələrinin tədqiqi və nəşrinə, həmçinin Azərbaycan xalqının ərəbdilli və farsdilli abidələrinin tərcümə və araşdırılmasına yönəldi.

Azərbaycan müstəqillik edənə qədər respublikamızda şərqşünaslıq elmi bütövlükdə keçmiş sovet şərqşünaslığının tərkib hissəsi kimi inkişaf edirdi. Belə ki, İnstitutda aparılan elmi araşdırmaların tematikası, xüsusilə Şərq ölkələrinin müasir ictimai - siyasi və ideoloji problemləri ilə bağlı bir sıra mövzular, hakim marksizm təliminin tələblərinə uyğun şəkildə tədqiq edilir və Sovet İttifaqının şərq siyasətinin həyata keçirilməsinə xidmət edirdi. Lakin eyni zamanda, keçmiş İttifaqın aparıcı Şərqşünaslıq mərkəzləri ilə daimi sıx əlaqə, elmi təcrübə mübadiləsi, müxtəlif elmi və elmi - informativ məlumatların əldə edilmə imkanı Azərbaycanda bu sahənin inkişafına güclü təkan vermişdir. Təsadüfi deyil ki, keçən əsrin 70 - 80 - cı illərində Azərbaycan Şərqşünaslıq elmi Keçmiş İttifaqda aparıcı mövqelərdən birini tutmuş və dünyada bu sahənin mütəxəssisləri arasında layiqlı şöhrət qazanmışdır. Azərbaycan şərqşünaslığının beynəlxalq nüfuzu akademiklər Ə.Əlizadə, Ə.Sumbatzadə, H.Araslı, Z.Bünyadov, müxbir üzv B.Hüseynov, professorlar R.Əliyev, A.İmamquliyeva, Ə.Cəfər, R.Seyidov və bir çox digər aparıcı alimlərin yorulmaz əməyi ilə yaradılmışdır.

1991 - ci ildə Azərbaycanın öz istiqlaliyyətini bərpa etməsi və müstəqil Azərbaycan Respublikasının yaranması İnstitutun önündə yeni üfüqlər açdı və qarşısında yeni vəzifələr qoyduş

Yeni şəraitdə Azərbaycan şərqşünaslığının məqsəd və problematikası əsaslı şəkildə yenidən işlənmişdir. Xarici siyasət xəttini müstəqil surətdə müəyyən edən Azərbaycan Respublikası üçün Şərq ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi hal - hazırda olduqca mühüm bir məsələdir. Azərbaycanın xarici siyasət strategiyası baxımından Yaxın və Orta Şərq ölkələrinin ictimai - siyasi və iqtisadi vəziyyətinin öyrənilməsinə ciddi ehtiyac vardır.

Məlumdur ki, Yaxın Şərq bu gün dünyanın ən gərgin və böhranlı regionlarından birinə çevrilmişdir. burada mövcud olan zəngin neft ehtiyatları və digər təbii sərvətlər böyük dövlətlərin və beynılxalq güc mərkəzlərinin diqqətini daim bölgəyə cəlb edir. Davam edən İsrail - Fələstin qarşıdurması, İraq müharibəsi, müxtəlif ölkələrdə etnik münaqişələr, dini - fundomentalist cərəyanlar, beynəlxalq terrorizm təhlükəsi və s. problemlər bütün dünyada bu regiona marağı artırır. Təsadüfi deyil ki, son illərdə Amerika və Avropada yeni - yeni "Şərq araşdırmaları mərkəzləri" yaranır, region ilə bağlı nəşrlərin sayı artır. ABŞ administrasiyasının elan etdiyi "Böyük Yaxın Şərq" strategiyası yaxın gələcəkdə bu regionda gərginliyin artmasının gözlənildiyindən xəbər verir. Müstəqil Azərbaycanın milli və dövlət maraqları burada başverən və gələcəkdə baş verə biləcək hadisələri ciddi təhlil edib nəzarətdə saxlamağı tələb edir.

Eyni zamanda, bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan üçün iqtisadi islahatlar və özəlləşdirmə, habelə bir sıra təbii ehtiyatların istismarı və istehsalı sahəsində qonşu Yaxın Şərq ölkələrinin təcrübəsindən öyrənilməsinə ehtiyac duyulur. Bu sahədə Avropa ilə yanaşı, mentalitet və milli - mənəvi dəyərlər baxımından bizə daha yaxın oan Şərq ölkələrinin təcrübəsinin müsbət və mənfi tərəflərinin tədqiqi aktuallıq kəsb edir. Bundan əlavə, Türkiyə, İran və ərəb ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirən respublikamız üçün bu sahənin prioritet istiqamətlərini aydınlaşdırmaq lazımdır.

Bütün bunlarla əlaqədar, müstəqillik dönəmində institutun elmi fəaliyyət dairəsi daha da genişlənmiş, bir sıra yeni istiqamətlər müəyyənləşdirilmişdir. hazırda institutda elmi tədqiqat işləri əsasən:

İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Ə.Əlizadə (1958-1963) olmuşdur. Sonralar instituta akademik Ə.S.Sumbatzadə (1963-1970), akademik H.M.Araslı (1970-1981), akademik Z.M.Bünyadov (1981-1986, 1988-1991, 1992-1997), professor A.N.İmamquliyeva (1991-1992) kimi görkəmli alimlər başçılıq etmişlər. Hal-hazırda İnstitutun direktoru professor G.B.Baxşəliyevadır.

Azərbaycanda mətnşünaslıq elminin yaranması akad. Ə.Ə.Əlizadənin adı ilə bağlıdır. O, Nizami Gəncəvi, Fəzlullah Rəşıdəddin, Məhəmməd ibn Hinduşah Naxçıvaninin irsinin toplanması, əsərlərinin elmi-tənqidi mətnlərini tərtib etməklə Azərbaycan elminə avazsiz xidmət göstərmişdir.

Özünün bütün yaradıcılıq qüvvəsini, çoxcəhətli istedadını Azərbaycan ədəbiyyatşünaslğının inkişafına və klassik ədəbi irsin öyrənilməsinə sərf edən akad. H.Araslının elmi-tədqiqat fəaliyyətində Azərbaycan və Şərq xalqları ədəbiyyatının orta əsrlər dövrünə aid problemləri həmişə mərkəzi yer tutmuşdur. Alimin Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasındakı xidmətləri xüsusi qeyd olunmalıdır.

Akademik Z.M.Bünyadovun elmi əsərləri Azərbaycanın və Yaxın Şərq ölkələrinin Ərəb xilafəti və orta əsrlər dövrü tarixinin tədqiqinə həsr edilmişdir. Azərbaycan elm və mədəniyyəti tarixində dərin iz qoymuş görkəmli alim orta əsr müəlliflərinin Azərbaycan, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair əsərlərinin öyrənilməsi, şərhli tərcüməsi və nəşri işi ilə də məşğul olmuşdur. O, fəal ictimai - siyasi fəaliyyətlə də məşğul olmuş, ölkənin ali qanunverici orqanı - Azərbaycan Respublikasının I çağırış Milli Məclisinin üzvü olmuşdur.

F.e.d.,prof. A.N.İmamquliyeva Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin yaranmasında müstəsna xidmətlər göstərmişdır. Keçmiş İttifaqda ərəb "məhcər" ədəbiyyatının aparıcı tədqiqatçısı olmuş A.N.İmamquliyeva fundamental araşdırmaları ilə Azərbaycan ərəbşünaslığını xeyli zənginləşdirmiş və inkişaf etdirmişdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki. bu da bütün Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaratmışdır.

Hal-hazırda instituta rəhbərlik edən f.e.d., prof. G.B.Baxşəliyeva ərəb ədəbiyyatının müxtəlif məsələlərinə və Azərbaycan-ərəb ədəbi əlaqələrinə dair 2 monoqrafiya, 4 kitabın və 60-dan artıq elmi məqalənin müəllifidir. G.B.Baxşəliyeva elmi və təşkilatçılıq fəaliyyəti ilə yanaşı ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edir. 2001-ci il parlament seçkilərində Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilən G.B.Baxşəliyeva hal-hazırda Milli Məclis sədrinin müavinidir.

İnstitutun kollektivi öz elmi fəaliyyətini şərqşünaslığın ən aktual problemlərini tədqiq etməyə yönəltmişdir. Türkiyə, İran və Ərəb ölkələrinin tarixi, ictimai-siyasi və iqtisadi inkişafı, Şərq xalqlarının filologiyası, islam tarixi, müasir Yaxın Şərqdə din və ictimai fikir cərəyanları və digər sahələr İnstitut əməkdaşlarının diqqət mərkəzindədir. Son illər xüsusi aktuallıq kəsb edən Güney Azərbaycanın iqtisadi, ictimai və mədəni inkişaf problemləri, habelə islam fundamentalizmi və s. bu kimi məsələlərin tədqiqi daha geniş vüsət almışdır.

Ötən müddət ərzində institutda 400-dən artıq monoqrafiya, məqalələr məcmuəsi və kitab nəşr edilmişdir.

1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Şərqşünaslıq institutuna akademik Z.M.Bünyadovun adı verilmişdir.

Hazırda Şərqşünaslıq İnstitutunda çalışan elmi əməkdaşların sayı 97 nəfərdir. bunlardan 8 nəfəri elmlər doktoru, 43 nəfəri isə elmlər namizədidir.

İnstitutda 9 şöbə fəaliyyət göstərir: İran tarixi və iqtisadiyyatı, Türkiyə tarixi və iqtisadiyyatı, Ərəb ölkılırinin tarixi və iqtisadiyyatı, Türk filologiyası, İran filologiyası, Ərəb filologiyası, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri, Din və ictimai fikir tarixi, Şərq-Qərb şöbələri.

İnstitut əməkdaşları Azərbaycan şərqşünaslığını bir çox beynəlxalq konqres, konfrans və simpoziumlarda, o cümlədən, şərqşünasların XXIV, XXV, XXIX, XXXI, XXXII və XXXVII Beynılxalq konfranslarında (AFR, SSRİ, Avstraliya, Fransa, Yaponiya, Rusiya), Türk Tarix Qurumunun son on üç konqresində (Ankara, 1966-1999) və s. təmsil etmiş, Almaniya, Çin, Avstriya, Böyük Britaniya, Türkiyə, Rusiya, İran, Misir, Malaziya, İsrail, Hollandiya, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Qırğızıstan və s. ölkələrdə keçirilən şərqşünaslığın müxtəlif problemlərinə həsr edilmiş konfrans və simpoziumlarda iştirak etmişlər.

İnstitutun hazırda Türkiyə, Almaniya, Hollandiya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası və s. ölkələrinin universitet və elmi mərkəzləri, habelə Türk Tarix Qurumu ilə sıx elmi əlaqələri vardır. Həmçinin institut UNESCO-nun dəstəyi ilə fəaliyyət göstərən Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun Azərbaycan üzrə əlaqələndiricisidir. İnstitut bir sıra mühüm beynəlxalq elmi konfrans və simpoziumların təşkilatçısı olmuşdur: Şərqşünasların II Ümumittifaq elmi konfransı (Bakı, 1982), Mustafa Kamal Atatürkün anadan olmasının 110 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans (Bakı, 1991), Hollandiyanın Utrext Universiteti ilə birlikdə "Azərbaycan və qonşu ölkələrdə XX əsrin əvvəllərində ictimai-siyasi fikir və ideoloji reallıqlar" mövzusunda Beynəlxalq elmi konfrans (Bakı 1997), Türkiyə Respublikasının yaranmasının 75-illiyinə həsr olunmuş Beynəlxalq konfrans (Bakı, 1998), Osmanlı dövlətinin yaranmasının 700 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (Bakı, 1999) , Böyük İran şairləri Hafiz Şirazi və Sədi Şiraziyə həsr olunmuş Beynəlxalq elmi-ədəbi konfranslar (Bakı, 2002; Bakı, 2003), Mirzə Kazım bəyin 200 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (UNESCO ilə birlikdə, Bakı, 2003), "Qloballaşma və islam" mövzusunda Beynəlxalq elmi konfranslar (Bakı, 2004; Bakı, 2005), "İranda Məşrutə inqilabı-100" adlı Beynəlxalq elmi konfrans (Bakı, 2005) və s.

İnstitut alimlərindən bir nəfəri Azərbaycan Dövlət mükafatına (akad. Z.M.Bünyadov), üç nəfəri H.Z.Tağıyev adına mükafata (akad. Z.M.Bünyadov, f.e.n. C.Ə.Sadiqova, f.e.n. T.Ə.Ələskərova), bir nəfəri A.A.Bakıxanov adına mükafata (akad. Z.M.Bünyadov) layiq görülmüşlər. Üç nəfərə Azərbaycanın əməkdar elm xadimi (akad. Ə.S.Sumbatzadə, akad. Z.M.Bünyadov, prof. R.M.Əliyev) fəxri adı verilmişdir.